Azərbaycan ilə Gürcüstanın dostluğu ildən-ilə möhkəmlənir
Bakı, 30 may, AZƏRTAC
Azərbaycan və Gürcüstan ictimaiyyətlərinin bu ölkələrdə ilk demokratik respublikaların yaradılmasının 100 illiyini qeyd etdikləri bu günlərdə Azərbaycanda Gürcüstan Strukturları Liqası (AGSL) iki xalqın qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsində mühüm rol oynayacaq yeni strukturun yaradıldığını elan edir. Bir növ klub kimi fəaliyyət göstərəcək strukturda hər iki ölkənin xalqlarımızın qardaşlıq əlaqələrinin inkişafına, möhkəmlənməsinə və çiçəklənməsinə xüsusi töhfə vermiş nümayəndələri təmsil olunacaqlar.
Bu barədə jurnalistlərlə görüşdə AGSL-in rəhbəri Teymuraz Kirimov məlumat verib.
O deyib ki, 1995-ci ildə Bakıda Tbilisi şəhəri meriyasının daimi nümayəndəliyi təsis edilib və fəaliyyət göstərməyə başlayıb, T.Kirimov isə rəsmi nümayəndə təyin edilib.
Strukturun fəaliyyəti dövründə iki paytaxtın strukturları arasında sıx əməkdaşlıq yaradılıb, həm böyüklər, həm də uşaqlar üçün xeyli birgə idman və mədəniyyət layihələri həyata keçirilib, habelə daimi nümayəndəliyin üzvlərinin bilavasitə iştirakı ilə sərgilər təşkil edilib.
T.Kirimov qeyd edib ki, “Baku-Tbilisi” qəzetini, mədəni-işgüzar mərkəzi, Gürcüstan-Azərbaycan Münasibətlərinin Araşdırılması Mərkəzini, “Tbilisi” idman klubunu, Muzey guşəsini, “İberiya-Press” informasiya agentliyini, əslən Gürcüstandan olan Ağsaqqallar Şurasını və s. hər iki ölkənin ictimaiyyəti yaxşı xatırlayır. Bütün bunlar daimi nümayəndəliyin fəaliyyətinin nəticəsidir.
Adıçəkilən bütün strukturlar, o cümlədən daimi nümayəndəliyin özü fəaliyyəti daha yaxşı əlaqələndirmək məqsədi ilə 2005-ci ildə Azərbaycanda Gürcüstan Strukturları Liqasında birləşiblər.
AGSL bu illər ərzində azərbaycanlılarla gürcülər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsi istiqamətində böyük işlər görüb. Bakıda pulsuz gürcü dili məktəbinin açılması belə addımlardan biri olub.
2011-ci ildə AGSL öz tərəfdaşları ilə birlikdə Azəri-Gürcü Qardaşlıq Gününü (“Kartvel-azerbaycanelta dzombis dqe”) təsis edib. O vaxtdan bu bayram hər il fevralın 6-da qeyd edilir. İl ərzində bu günə həsr olunmuş müxtəlif tədbirlər təşkil edilir. Maraqlıdır ki, bayram növbə ilə Azərbaycanda və Gürcüstanda keçirilir.
T.Kirimov jurnalistlərin diqqətinə çatdırıb ki, hazırda yeni strukturun yaradılması üzrə təşkilat komitəsi formalaşdırılır. Yeni struktur Azərbaycanla Gürcüstan arasında dostluq və iqtisadi əlaqələrin möhkəmlənməsinə daha böyük töhfə verəcək. Hazırda strukturun nizamnaməsi üzərində iş gedir, gələcək üzvlərin namizədlikləri nəzərdən keçirilir. Yeni təşkilatın işinin uğur qazanacağına əmin olduğunu bildirən T.Kirimov diqqətə çatdırıb ki, qurumun adı müsabiqə əsasında seçiləcək.