Azərbaycan ilə İsveçrə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir
Bakı, 15 noyabr (AZƏRTAC). Noyabrın 15-də kənd təsərrüfatı naziri Heydər Əsədov İsveçrə Əməkdaşlıq Təşkilatının (İƏT) Cənubi Qafqaz üzrə regional direktoru Rudolf Şox ilə görüşmüşdür.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşün əsas məqsədi kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlığın müzakirəsi olmuşdur.
İƏT ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd edən nazir H.Əsədov Azərbaycan və İsveçrə arasında aqrar sahədə mövcud əməkdaşlıqdan, ölkəmizin kənd təsərrüfatı sahəsində mütərəqqi dəyişikliklərin dəstəklənməsində İsveçrə hökumətinin verdiyi töhfədən danışmışdır.
Görüşdə İsveçrə ilə kənd təsərrüfatı sahəsində təcrübə mübadiləsi, aqrar yönümlü təhsil müəssisələrinin tələbələrinin İsveçrənin müxtəlif fermer təsərrüfatlarında təcrübə keçmələri və digər əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Heydər Əsədov tədarük məntəqələrinin yaradılması və fermerlərin inteqrasiyasına, uzunmüddətli treninqlərin keçirilməsinə, ixtisaslı kadrların hazırlanmasına, süni mayalanma işlərinin təşkilinə, fermerlərin təlim mərkəzinin yaradılmasına ehtiyac olduğunu və bu sahədə ikitərəfli əməkdaşlığın vacibliyini vurğulamışdır.
Rudolf Şox Bakıya səfərindən məmnunluğunu ifadə etmiş, İƏT-in Azərbaycanda həyata keçirdiyi layihələrin səmərəliliyindən danışmışdır. O, qeyri-neft sektorunun prioritet sahə olduğunu qeyd edərək, əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin bu sahənin inkişafına təkan verəcəyini bildirmişdir. Rudolf Şox istehsaldan istehlaka qədər xidmət işlərinin aparılmasına, biznes planların hazırlanmasına yardım, süni mayalanma işlərinin həyata keçirilməsi, fermerlərin bilik və təcrübələrinin artırılmasına ehtiyac olduğunu bildirərək, bu məqsədlə peşə təlim mərkəzlərinin yaradılmasının vacibliyini qeyd etmişdir. Regional direktor kənd təsərrüfatı sahəsində mikrosığorta layihələrinin gələcəkdə Azərbaycanda da tətbiq edilməsində maraqlı olduğunu qeyd etmişdir.
Heydər Əsədov təkliflərin ümumiləşdirilib həyata keçirilməsi məqsədi ilə anlaşma memorandumunun hazırlanması və əlaqələndiricilərin təyin olunmasını məqsədəmüvafiq hesab etmişdir.