SİYASƏT
AZƏRBAYCAN İLƏ MACARISTAN ARASINDA HÖKUMƏTLƏRARASI ÜÇ SƏNƏD İMZALANMIŞDIR
AZƏRTAC xəbər verir ki, iyulun 7-də Azərbaycanın Baş naziri Artur Rasizadə ölkəmizdə rəsmi səfərdə olan Macarıstan hökumətinin başçısı Ferents Dyurçan ilə görüşmüşdür.
Təkbətək görüş başa çatdıqdan sonra geniş tərkibdə görüş olmuşdur. Azərbaycan hökumətinin başçısı Azərbaycan ilə Macarıstan arasında son dövrlərdə uğurla inkişaf etməkdə olan əlaqələrdən bəhs edərək demişdir ki, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün zəruri qanunvericilik bazası mövcuddur və hökumətlərarası iqtisadi komissiyanın yaradılması qarşılıqlı faydalı əlaqələrin inkişafına sanballı töhfə olacaqdır.
Artur Rasizadə qonaqlara milli iqtisadiyyatın inkişafının dinamikası barədə məlumat vermiş, ölkəmizin əsas probleminin - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin indiyədək tənzimlənməmiş olması barədə danışmışdır.
Macarıstanın Baş naziri ölkələrimiz arasında strateji tərəfdaşlıq xarakteri daşıyan münasibətləri yüksək qiymətləndirmiş, siyasi, iqtisadi və humanitar sahələrdə bu əlaqələrin daha da dərinləşəcəyinə əmin olduğunu bildirmişdir.
O, həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Macarıstanın mövqeyini açıqlayaraq bəyan etmişdir ki, öz müqəddəratını təyin etmək hüququ dövlətin suverenliyinə və ərazi bütövlüyünə zidd olmamalıdır.
Danışıqların yekunlarına əsasən Azərbaycan Dövlət Statistika Komitəsi və Macarıstan Mərkəzi Statistika Komitəsi arasında Statistika sahəsində əməkdaşlıq haqqında Saziş, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə Macarıstan Kənd Təsərrüfatı və Kənd Təsərrüfatının İnkişafı Nazirliyi arasında Əməkdaşlıq haqqında Saziş, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Macarıstan Nəqliyyat, Telekommunikasiyalar və Energetika Nazirliyi arasında informasiya texnologiyaları və rabitə sahəsində əməkdaşlıq haqqında Qarşılıqlı Anlaşma Memorandumu imzalanmışdır.
İmzalanma mərasimindən sonra keçirilən mətbuat konfransında Macarıstan hökumətinin başçısı öz ölkəsinin investorları üçün cəzbedici olan sahələr haqqında sualı cavablandırarkən onların energetika, rabitə və informasiya texnologiyaları, ətraf mühitin qorunması, o cümlədən sutəmizləyici qurğular və yeyinti sənayesi üçün avadanlıq satışında daha çox maraqlı olduqlarını demişdir.
F.Dyurçan energetika sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsinə toxunaraq, Azərbaycanın qlobal enerji layihələrinin həyata keçirilməsində, o cümlədən Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş layihələrin gerçəkləşdirilməsində rolunu yüksək qiymətləndirmişdir.
######