Azərbaycan ilə Moldova arasında miqrasiya sahəsində münasibətlər uğurla inkişaf edir
Bakı, 17 noyabr, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Moldova Respublikası Daxili İşlər Nazirliyinin baş katibi Sergey Diyakon ilə görüşüb.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, qonaqları salamlayan Xidmət rəisi ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən miqrasiya sahəsində də uğurla inkişaf etdiyini diqqətə çatdırıb.
Vüsal Hüseynov qurumun fəaliyyət istiqamətləri, miqrasiya proseslərinin idarə olunmasında tətbiq edilən yeniliklər, miqrasiya məsələləri üzrə potensialın artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Xidmət rəisi “Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində reallaşdırılan təlimlər barədə qonaqları məlumatlandırıb. Bildirib ki, DMX-nin Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyi ilə birlikdə reallaşdırılan layihə regionda miqrasiya sahəsində təhsil və təlim prosesinə, bu sahədə mütəxəssislərin hazırlanmasına mühüm töhfə verməkdədir. Həmin layihə çərçivəsində Moldovanın fəal iştirakını yüksək qiymətləndirən Xidmət rəisi Mərkəzin bir təsisat kimi fəaliyyətinin təmin olunması istiqamətində əməkdaşlığın daha da gücləndirilməsi üçün imkanların olduğunu bildirib.
Səmimi görüşə görə Xidmət rəisinə təşəkkür edən Sergey Diyakon əməkdaşlıq əlaqələrinin ölkələrimizin rifahı naminə bundan sonra da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Görüşdə miqrasiya proseslərinin idarəedilməsi sahəsində təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti vurğulanıb, birgə əməkdaşlığın perspektivləri müzakirə edilib və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov da iştirak edib.