SİYASƏT
AZƏRBAYCAN İLƏ PAKİSTAN ARASINDAKI MÜNASİBƏTLƏR STRATEJİ TƏRƏFDAŞLIQ SƏVİYYƏSİNƏ YÜKSƏLMİŞDİR
AZƏRTAC xəbər verir ki, ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikası Senatının xarici əlaqələr komitəsinin sədri Müşahid Hüseyn Səid iyulun 7-də Milli Məclis sədrinin birinci müavini, parlamentin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov ilə görüşmüşdür.
Ziyafət Əsgərov demişdir ki, qədim tarixə malik dostluq münasibətlərimiz bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Azərbaycan ilə Pakistan BMT, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatlarda çox səmərəli əməkdaşlıq edirlər. Münasibətlərimizin yüksək səviyyəyə çatmasında dövlətlərimizin başçılarının rolunu xüsusi qeyd edən komissiya sədri bildirmişdir ki, prezidentlərimizin qarşılıqlı səfərləri zamanı imzalanmış çoxsaylı sənədlər bütün sahələrdə, eləcə də hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində möhkəm hüquqi baza yaratmışdır. Məhz bunun nəticəsidir ki, Azərbaycan ilə Pakistan terrorizmə qarşı mübarizədə uğurla əməkdaşlıq edirlər və bu əməkdaşlıq gələcəkdə də davam edəcəkdir.
Z.Əsgərov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nümayiş etdirdiyi mövqeyə görə Pakistan nümayəndə heyətinə minnətdarlığını bildirmişdir.
Müşahid Hüseyn Səid onlara göstərilən qonaqpərvərliyə və ətraflı məlumata görə minnətdarlıq etmişdir. Qonaq demişdir ki, Pakistan dövləti və xalqı dost Azərbaycanın əsas probleminin nədən ibarət olduğunu yaxşı başa düşür. Pakistanlılar terrorizmin, işğalın və təcavüzün nə olduğunu yaxşı bilir və ona görə də Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır.
######