AZƏRBAYCAN İLƏ TÜRKİYƏNİN HƏRBİ ƏMƏKDAŞLIĞININ İNKİŞAF ETDİRİLMƏSİNƏ DAİR MƏSƏLƏLƏR MÜZAKİRƏ OLUNMUŞDUR
Müdafiə naziri demişdir ki, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişmiqyaslı və çoxsahəlidir. Bununla belə, arzu edərdim ki, qardaş dövlətlərimiz arasında hərbi əməkdaşlıq daha da dərinləşsin. Azərbaycanla bütün sahələrdə belə geniş və sıx əməkdaşlıq edən ikinci bir dövlət yoxdur. Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəmərinin istifadəyə verilməsi və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilməsi isə əməkdaşlığımızın daha da uğurlu olmasına imkan yaradacaqdır.
Korpus generalı S.Yöruk ilk dəfə Azərbaycana gəldiyindən, ölkəmizin Silahlı Qüvvələrinin inkişaf səviyyəsindən məmnun qaldığını bildirmişdir.
General-polkovnik S.Əbiyev Azərbaycan Silahlı Qüvvələrinin hazırda müharibə şəraitində olduğu, onun keçdiyi inkişaf yolu, təminatı və təchizatı haqqında qonaqla geniş fikir mübadiləsi aparmışdır.
Korpus generalı S.Yörük Mustafa Kamal Atatürkün məşhur “Bir ordunun dəyəri onun zabitlərinin hazırlıq səviyyəsi ilə qiymətləndirilir” kəlamını yada salaraq, Azərbaycan Silahlı Qüvvələrinin zabit heyətinin hazırlıq səviyyəsi ilə maraqlanmışdır.
General-polkovnik S.Əbiyev Azərbaycanın dövlət və ordu rəhbərliyinin bu işə, eyni zamanda Azərbaycan Silahlı Qüvvələrində kiçik komandirlərin də hazırlığına xüsusi diqqət yetirdiyini vurğulamış və bildirmişdir ki, Azərbaycan Silahlı Qüvvələrinin döyüş sursatı və hərbi texnika ilə təminatı istiqamətində çox mühüm işlər görülmüşdür. Azərbaycan iqtisadiyyatının sürətli inkişafı ölkəmizin Silahlı Qüvvələrinin daha da güclənməsi üçün geniş imkanlar açmışdır.
Görüşdə tərəflər xüsusi təyinatlı qüvvələrin hazırlığı ilə bağlı ətraflı fikir mübadiləsi aparmışlar.
Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi, briqada generalı Seyhan Ceyhan görüşdə iştirak etmişdir.