“AZƏRBAYCAN İNTERNETİNDƏ REKLAM” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
Çıxış edənlər 500 mindən artıq istifadəçısı olan Azərbaycan internetində reklam sahəsinin inkişafı üçün münbit şəraitin mövcudluğundan, kifayət qədər informasiya resurslarının formalaşmasından danışmışlar. Onlar bu sahədə gələcəkdə böyük uğurların əldə olunması üçün dünya təcrübəsindən, müasir texnologiyalardan və beynəlxalq standartlara cavab verən xidmət növlərindən istifadənin vacibliyini qeyd etmişlər. Şirkət və müəssisələrin məhsulları əvvəllər daha çox qəzet, jurnal və televiziyalarda reklam olunurdusa, hazırda böyük imkanlara malik internetə də bununla bağlı geniş müraciətlər edilir.
Hazırda 30-dan artıq internet saytında 250-yə yaxın reklam verənin məlumatları öz əksini tapmışdır. İnternetdə reklamçılığın tənzimlənməsi üçün “@ sahil” adlı proqram hazırlanaraq istifadəçilərin ixtiyarına verilmişdir.