AZƏRBAYCAN-KOREYA MÜNASİBƏTLƏRİ YÜKSƏLƏN XƏTLƏ İNKİŞAF EDİR
Azərbaycan-Koreya münasibətlərinin daha da möhkəmlənməsinə tərəfdar olduğunu bildirən nazir E.Məmmədyarov, ölkələrimizin bir çox sahələrdə, xüsusən də iqtisadi sahədə səmərəli əməkdaşlığı üçün geniş imkanların mövcudluğunu diqqətə çatdırmışdır. O, Azərbaycan Respublikasının Koreya Respublikası ilə əməkdaşlığa önəm verdiyini və yaxın zamanlarda bu ölkədə səfirliyin açılacağını söyləmişdir.
Ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulayan səfir H.Mun, respublikasının Azərbaycan ilə iqtisadi, enerji, tikinti, elektronika, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın dərinləşməsində və işgüzar əlaqələrin möhkəmlənməsində maraqlı olduğunu bildirmişdir. O, E.Məmmədyarovun ötən il Koreya Respublikasına səfərini və səfər çərçivəsində imzalanmış XİN-lərarası əməkdaşlıq Protokolunu yüksək qiymətləndirmişdir.
Ötən il Bakıda Koreya Respublikasının mədəniyyət günlərinin keçirildiyini xatırladan H.Mun, belə tədbirlərin xalqlarımız arasında mədəni əlaqələrin inkişafına təkan verdiyini bildirmiş, gələcəkdə bu cür tədbirlərin təşkilinə tərəfdar olduğunu diqqətə çatdırmışdır. Səfir yaxın vaxtlarda Koreya Respublikasının Bakıda diplomatik nümayəndəliyinin açılacağını bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.