AZƏRBAYCAN MANATI DÜNYANIN ƏN DƏYƏRLİ VALYUTALARINDAN BİRİ HESAB OLUNUR
Azərbaycan manatı dəyərinə görə dünyanın 100 iri valyutası sırasında 9-cu yerdədir. Ros Biznes Konsaltinqin hesablamalarına görə, Azərbaycan manatı dünyada ən dəyərli valyutalardan biridir. Manat son zamanlar dəyər qazanan valyutalardan biri hesab olunur və son dörd ildə milli valyuta əhəmiyyətli dərəcədə güclənmişdir. Dünyanın 100 qiymətli valyutası sırasında manatımız birinci onluqda yer almışdır.
Milli Bankın tədqiqatlar və statistika departamentindən AZƏRTAC-a bildirmişlər ki, manatın dəyərinin belə yüksək formalaşması iki amilin təsiri ilə xarakterizə olunur. Birinci amil ölkənin dinamik inkişafına, iqtisadi göstəricilərinə, ümum daxili məhsulun artım tempinə görə Azərbaycanın dünya dövlətləri sırasında lider olmasıdır. İkinci amil isə, Amerika Birləşmiş Ştatları dollarının ucuzlaşmasıdır. Belə ki, 2003-cü ildən başlayaraq dünyada dolların ucuzlaşması meyilləri müşahidə olunur. Həm də indi dolların təklifi ona olan tələbdən çoxdur. Reytinq cədvəlində dəyərinə görə, ABŞ dolları 13-cü, avro isə 7-ci yeri tutur. Azərbaycan manatının avro ilə bir onluğa düşməsi müsbət amil kimi qiymətləndirilir. Digər tərəfdən, bütün dünyada milli valyuta məzənnəsinin artması neft məhsulları istehsal edən ölkələrdə müşahidə olunur. Azərbaycan da neft ölkəsidir və istehsal olunan, dünya bazarına çıxarılan neft-qaz məhsullarının həcmi hər il artır. Nəticədə ölkənin valyuta ehtiyatlarının məbləği sürətlə çoxalır.
Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da milli valyutanın dəyər qazanması təbii hal kimi qəbul olunur. Yeri gəlmişkən, milli valyutanın dəyəri əmək məhsuldarlığının artması hesabına da baş verir. Son illər qeyri-neft sektorunda dayanıqlı artım tempi müşahidə olunur.
Manatın dəyərinin qabaqlayıcı templər olmadan artması, eləcə də kəskin tərəddüdlərin qarşısını almaq üçün Milli Bank məzənnəni tənzimləyən tədbirlər həyata keçirir. Həmin tədbirlərdən biri Milli Bankın bu yaxınlarda məzənnə siyasətində dəyişiklik edərək, ABŞ dolları ilə yanaşı avrodan ibarət ikivalyutalı səbətin hədəflənməsinə keçməsidir. Nəticə kimi məzənnə siyasətinin antiinfilyasiya səmərəsinin artması əsas götürülmüşdür.
Əlavə edək ki, manatın dəyərinin yüksəlməsi ölkə əhalisinin milli valyutaya inamını artırmışdır. Bunun nəticəsidir ki, son bir ildə banklara qoyulan əmanətlərin məbləğini, əsasən, milli valyuta təşkil edir. Eyni zamanda, manata olan inamın artmasının nəticəsidir ki, əhalinin banka yatırımlarının da miqdarı xeyli dərəcədə artmışdır.
Reytinq cədvəlində birinci yeri Küveyt dinarı tutur. Bir il əvvəl Küveyt hökuməti milli valyutanı dollara dəyişməyi ləğv etmişdir. Bildirilir ki, Fars körfəzi ölkələri özlərinin beynəlxalq valyutasını buraxmağa hazırlaşırlar. Artıq 2010-cu ildə dollar və avroya rəqib valyutalar buraxılacağı gözlənilir. Mərkəzi və Qərbi Afrika dövlətləri də eyni ad altında buraxılan valyutadan istifadə edirlər.