Veteran qapıçı: Minifutbol millisindəki uğurların əsas açarı baş məşqçidir
Bakı, 5 iyun, AZƏRTAC
Hər zaman milli komandanın yanında olan dövlətimizə, Azərbaycan Minifutbol Federasiyasına və azarkeşlərimizə təşəkkür edirəm.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan minifutbol yığmasının sabiq qapıçısı Davud Kərimi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanan milli komanda barədə danışarkən deyib.
O, baş məşqçi Elşad Quliyevi uğurların əsas açarı hesab etdiyini bildirib: “Ona “sağ ol” deyirəm. Həqiqətən də son illər minifutbol yığmasında qurduğu heyətlə dünyada adından söz etdirir. Oyunçular da onun inamını boşa çıxarmırlar. Bunun nəticəsi olaraq, iki dəfə Avropa və 1 dəfə dünya çempionu olmuşuq. Komandadan bu uğuru gözləyirdim. Çünki son illərdəki nəticələr yığmaya etibarı artırıb”.
Veteran qolkiper 2022-ci ildə Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında qazandıqları birinciliyi də xatırlayıb: “Yadımdadır, həmin turnirdə qarşımıza qrupdan çıxmağı hədəf olaraq qoymuşduq. Amma oyundan-oyuna inkişaf edərək kuboku qazandıq. O turnirə yollananda rəqiblər haqqında kifayət qədər məlumata sahib deyildik. Lakin indi hər şey dəyişib. Artıq milli komanda bütün yarışlara favorit kimi qatılır. Bu da yığmanın illər ərzində inkişaf etdiyini göstərir”.
D.Kərimi minifutbolun son illərdə populyarlaşdığını vurğulayıb: “Artıq İspaniya, Portuqaliya və İngiltərə kimi ölkələr də minifutbola yatırım edir. Hazırda bu idman növü inkişafdadır”.
Qeyd edək ki, Azərbaycan millisi finalda Ukraynaya 2:0 hesabı ilə qalib gələrək Avropa çempionu olub.