Azərbaycan MDB ölkələrinin diabet assosiasiyaları rəhbərlərinin zirvə görüşündə iştirak edəcəkdir
Minsk, 18 iyun (AZƏRTAC). İyunun 20-də Minskdə, MDB İcraiyyə Komitəsində MDB-nin iştirakçısı olan ölkələrin diabet assosiasiyaları rəhbərlərinin zirvə görüşü keçiriləcəkdir. Bu barədə AZƏRTAC-a MDB-nin Minskdəki mənzil-qərargahının mətbuat xidmətindən məlumat vermişlər.
Tədbir MDB ölkələrinin şəkərli diabet xəstəliyinin çoxalmasına qarşı mübarizə sahəsində əməkdaşlığı haqqında Saziş çərçivəsində Beynəlxalq Diabet Federasiyası (IDF) və Belarusun “Uşaq diabeti” humanitar qeyri-hökumət təşkilatı tərəfindən təşkil edilmişdir.
Forumda Azərbaycan, Belarus, Böyük Britaniya, Gürcüstan, İtaliya, Qazaxıstan, Qırğızıstan, Moldova, Niderland, Rusiya, Türkmənistan, Türkiyə, Özbəkistan, Ukrayna və Ermənistandan təqribən 70 mütəxəssis iştirak edəcəkdir.
Şərqi Avropa diabet assosiasiyaları rəhbərlərinin birinci görüşü IDF-in təşəbbüsü ilə 2003-cü ildə Sankt-Peterburqda keçirilmişdir və o vaxtdan etibarən hər il Birlik ölkələrinin paytaxtlarında təşkil edilir.
Hazırda dünyada diabetə tutulmuş xəstələrin sayı 366 milyon nəfərdən çoxdur. 2030-cu il üçün proqnozlara görə, həmin rəqəm artaraq 522 milyon nəfərə çata bilər. Hər il diabetdən 4,6 milyon nəfər dünyasını dəyişir. Bu göstərici dünyada ümumi ölüm hallarının 6 faizindən çoxunu təşkil edir.
Diabetə tutulmuş xəstələrin həyatını yaxşılaşdırmaq məqsədi ilə Birliyin iştirakçısı olan bütün dövlətlərdə ictimai təşkilatlar yaradılmışdır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk