AZƏRBAYCAN MƏKTƏBLİLƏRİ DÜNYA OLİMPİADASININ ƏN YÜKSƏK MÜKAFATLARINA LAYİQ GÖRÜLMÜŞLƏR
Respublika pedaqoji ictimaiyyətinin nümayəndələri dünya olimpiadasından qələbə ilə qayıdan məktəblilərimizi Heydər Əliyev adına Beynəlxalq hava limanında alqışlarla qarşılamışlar.
Komandanın rəhbəri, respublika kimya olimpiadasının sədri, AMEA-nın müxbir üzvü Vaqif Abbasov hava limanında jurnalistlərə demişdir:
-Mən komandamızın uğurla çıxış edəcəyinə inanırdım. Lakin bu çox böyük qələbədir. Ölkəmizin tarixində kimya fənni üzrə ilk qızıl medalları Azərbaycana gətirdik. Bu il olimpiya ilidir. Arzu edirəm ki, idmançılarımız da Afinadan Vətənə qızıl medallarla qayıtsınlar.
Təhsil nazirinin müavini Elmar Qasımov:
-Bu qələbə münasibətilə mən, ilk növbədə, müəllimlərimizi, bütün təhsil işçilərini, Azərbaycan gənclərini təbrik edirəm. İndi komandalarımız informatika, fizika, riyaziyyat, biologiya fənnləri üzrə dünya olimpiadalarında iştirak edirlər. Güman edirəm ki, digər fənnlər üzrə bilik yarışlarında da gənclərimiz belə parlaq qələbələr əldə edəcəklər.
Bu olimpiadanın qalibləri gələn il Tailandda keçiriləcək bilik yarışında da ölkəmizin şərəfini qoruyacaqlar.
Afərin, uşaqlar. Sizə yeni qələbələr arzulayırıq.
X X X
Respublika kimya olimpiadasının münsiflər heyəti və qalibləri fəxri xiyabana gələrək ümummilli liderimiz Heydər Əliyevin məzarını ziyarət etmiş və sonsuz ehtiramlarını bildirmişlər. Onlar həmçinin görkəmli elm xadimi akademik Zərifə Əliyevanın da xatirəsini yad etmişlər.