AZƏRBAYCAN MƏTBUAT ŞURASI İDARƏ HEYƏTİNİN NÖVBƏTİ İCLASI OLMUŞDUR
İclasda Mətbuat Şurasının 2004-cü ilin iyul ayında gördüyü işlərin hesabatı dinlənilmiş, Şuraya daxil olan şikayətlər barədə qərarlar çıxarılmış, jurnalistlər üçün mükafatlar verilməsində vahid qaydanın yaradılması müzakirə olunmuş, təşkilati və cari məsələlərə baxılmışdır.
İdarə heyətinə yeni seçilmiş üzvlərin müzakirələrdə iştirakını təmin etmək üçün təşkilati məsələyə birinci baxılmışdır. Milli Məclisin deputatları Nizami Cəfərovun, Vüqar Rəhimzadənin və Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullanın idarə heyətinə üzvlüyü yekdilliklə təsdiq edilmişdir.
Sonra Mətbuat Şurasının sədri Əflatun Amaşovun qurumun iyul ayında gördüyü işlərə dair hesabatı dinlənilmiş və müsbət qiymətləndirilmişdir. Müzakirələrdən sonra Mətbuat Şurasının rəsmi qurumlarla KİV-lər arasında münaqişələrin tənzimlənməsi daimi komissiyasının fəaliyyətini təkmilləşdirmək barədə təkliflər irəli sürülmüş, Şuraya daxil olmuş şikayətlər barədə qərarlar çıxarılmışdır. İdarə heyətinin üzvləri jurnalistlər üçün mükafatların verilməsinə dair vahid qaydanın yaradılması məsələsini növbəti iclasların birində müzakirəyə çıxarmağı qərara almışlar.
İclas iyulun 31-də Masallıda keçiriləcək “Bölgə mətbuatının problemləri və “reket jurnalistika”ya qarşı mübarizə” mövzusunda regional tədbirə dair məsələnin müzakirəsi ilə başa çatmışdır.