Azərbaycan milli komandasının məşqçilər heyəti muxtar respublikada təlim-məşqlər keçir
Naxçıvan, 19 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının dəvəti ilə Azərbaycan Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandasının baş məşqçisi, Azərbaycan Boccia İdman Federasiyasının katibi İlham Məhərrəmovun rəhbərliyi ilə məşqçilər heyəti muxtar respublikaya gəliblər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Paralimpiya Federasiyasının hazırladığı proqrama əsasən dəvət olunan məşqçilərin 6 gün ərzində federasiyanın boccia bölmələrində təlim-məşqlərinin və yekunda muxtar respublikada fəaliyyət göstərən bütün bölmələrin iştirakı ilə yoxlama oyunlarının keçirilməsi nəzərdə tutulub.
İlk gün Şahbuz rayonunda fəaliyyət göstərən boccia bölməsinə cəlb olunan sağlamlıq imkanları məhdud uşaqlarla Şahbuz şəhər 2 nömrəli tam orta məktəbin idman zalında təlim-məşq keçirilib.
Proqrama uyğun olaraq digər rayonlarda da təlim-məşqlər davam etdiriləcək.