Azərbaycan milli maraqlarını qətiyyətlə müdafiə edən etibarlı aktor kimi özünü təsdiqləyə bilib - ŞƏRH
Bakı, 20 iyun, AZƏRTAC
Müasir beynəlxalq münasibətlər sistemi dərin transformasiya mərhələsindən keçir. Qlobal güc mərkəzlərinin yenidən formalaşması, enerji və ərzaq təhlükəsizliyi uğrunda rəqabətin güclənməsi, nəqliyyat-kommunikasiya marşrutlarının strateji əhəmiyyətinin artması və texnoloji üstünlüyün dövlətlərin inkişaf göstəricilərinə çevrilməsi dünya siyasətinin əsas müəyyənedici amilləri kimi çıxış edir. Belə mürəkkəb və çoxqütblü beynəlxalq şəraitdə Prezident İlham Əliyevin İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantısında səsləndirdiyi fikirlər Azərbaycanın strateji inkişaf modelinin mahiyyətini, dövlətimizin beynəlxalq sistemdə tutduğu mövqeyi və gələcək prioritetlərini əks etdirən mühüm siyasi konsepsiya kimi qiymətləndirilməlidir.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı politoloq Aytən Qurbanova söyləyib.
O bildirib ki, Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqamlardan biri Azərbaycanın qazandığı uğurların təməlində milli maraqlara söykənən müstəqil dövlətçilik siyasətinin dayanmasıdır.
“Son illərdə dünyada müşahidə olunan geosiyasi qarşıdurmalar fonunda Azərbaycan özünü hər hansı güc mərkəzinin təsir dairəsində fəaliyyət göstərən dövlət kimi deyil, müstəqil qərarlar qəbul edən və milli maraqlarını qətiyyətlə müdafiə edən etibarlı aktor kimi təsdiqləyə bilib. Məhz Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycan həm Qərb, həm Şərq, həm İslam dünyası, həm də digər beynəlxalq tərəfdaşlarla qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq münasibətləri qurmağa nail olub. Bu balanslaşdırılmış xarici siyasət kursu ölkəmizin mürəkkəb beynəlxalq proseslər fonunda sabitliyini, təhlükəsizliyini və davamlı inkişafını təmin edən əsas amillərdən biridir. Dövlətimizin başçısının çıxışında Azərbaycanın beynəlxalq nüfuzunun artması ilə bağlı səsləndirdiyi fikirlər də xüsusi siyasi əhəmiyyət daşıyır. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, Qoşulmama Hərəkatına uğurlu sədrliyi və sədrliyin üzv dövlətlərin yekdil qərarı ilə uzadılması ölkəmizin beynəlxalq aləmdə qazandığı etimadın və nüfuzun parlaq göstəriciləridir. Bu uğurlar təsdiq edir ki, beynəlxalq nüfuz bəyanatlarla deyil, ardıcıl siyasət, etibarlı tərəfdaşlıq və prinsipial mövqe ilə qazanılır”, - deyə politoloq vurğulayıb.
Aytən Qurbanovanın sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət nəticəsində Azərbaycan qlobal miqyasda etibarlı tərəfdaş və məsuliyyətli dövlət imicini möhkəmləndirib: “Çıxışın mühüm istiqamətlərindən biri də enerji diplomatiyası ilə bağlıdır. Son illərdə beynəlxalq enerji bazarlarında baş verən dəyişikliklər və enerji təhlükəsizliyi məsələlərinin qlobal gündəlikdə ön plana çıxması Azərbaycanın strateji əhəmiyyətini daha da artırıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda Azərbaycanın 16 ölkəyə təbii qaz ixrac etməsi ölkəmizin yalnız enerji resurslarına malik dövlət deyil, həm də beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan etibarlı tərəfdaş olduğunu nümayiş etdirir. Azərbaycanın enerji strategiyasının ən diqqətçəkən tərəfi isə gələcəyə hesablanmış yanaşmadır. Prezidentin vurğuladığı kimi, 2032-ci ilə qədər 8 giqavat gücündə Günəş və külək enerjisi layihələrinin reallaşdırılması ölkəmizi qlobal enerji keçidi prosesinin fəal iştirakçısına çevirir. Bu siyasət Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsinə, enerji sektorunun modernləşdirilməsinə və gələcək onilliklərdə beynəlxalq enerji bazarlarında mövqeyinin qorunmasına xidmət edir. Beləliklə, Azərbaycan artıq yalnız karbohidrogen ehtiyatları ilə deyil, həm də yaşıl enerji potensialı ilə regional liderlik mövqeyini gücləndirir”.
Politoloq əlavə edib ki, Prezidentin çıxışında nəqliyyat və logistika sahəsinə verdiyi önəm də strateji baxımdan xüsusi diqqət çəkir.
“Müasir dövrdə nəqliyyat dəhlizləri yalnız iqtisadi layihələr deyil, eyni zamanda, geosiyasi təsir və geoiqtisadi üstünlük vasitəsinə çevrilib. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından biri olması ölkəmizin Avrasiya məkanında strateji rolunu əhəmiyyətli dərəcədə artırır. Dövlətimizin başçısı tranzit imkanlarının iki dəfə artırılması hədəfini bəyan etməsi Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən xəbər verir. Orta Dəhlizin artan əhəmiyyəti, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi, dəmir yolu və nəqliyyat infrastrukturunun modernləşdirilməsi ölkəmizin qlobal ticarət marşrutlarında mövqeyini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət Azərbaycanın strateji coğrafi mövqeyini real geoiqtisadi üstünlüyə çevirməsinə imkan yaradır. Çıxışın mühüm siyasi məqamlarından biri də Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası ilə bağlı səsləndirilən fikirlər oldu.
Prezident İlham Əliyev bir daha xatırlatdı ki, uzun illər ərzində ölkəmizin üzləşdiyi işğal faktı beynəlxalq hüququn selektiv tətbiqinin və ikili standartların bariz nümunəsi idi. Azərbaycanın əldə etdiyi tarixi Zəfərdən sonra nümayiş etdirdiyi siyasi davranış isə xüsusi diqqətə layiqdir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan hərbi-siyasi qələbəni revanşizm və qarşıdurma vasitəsinə çevirmədi. Əksinə regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasını əsas prioritet kimi müəyyənləşdirdi. Azərbaycanın irəli sürdüyü sülh gündəliyi Cənubi Qafqazda yeni əməkdaşlıq və təhlükəsizlik arxitekturasının formalaşdırılmasına yönəlmiş strateji baxışın təzahürüdür. Eləcə də, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq layihələri xüsusi əhəmiyyət daşıyır. Təxminən 17 milyard dollarlıq investisiya həcmi göstərir ki, Azərbaycan azad edilmiş əraziləri sadəcə bərpa etmir, onları gələcəyin innovativ inkişaf məkanlarına çevirir. “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları, yaşıl enerji zonaları, müasir infrastruktur layihələri və yeni iqtisadi fəaliyyət mərkəzləri Qarabağın gələcək inkişaf modelinin əsasını təşkil edir. Bu siyasət həm keçmiş məcburi köçkünlərin doğma yurdlarına ləyaqətli qayıdışını təmin edir, həm də regionun iqtisadi potensialının tam reallaşdırılmasına xidmət göstərir",- deyə o əlavə edib.