Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin 1-ci beynəlxalq konqresi keçirilir
Bakı, 2 sentyabr, AZƏRTAC
Sentyabrın 2-də Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin 1-ci beynəlxalq konqresi öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Azərbaycan Otorinolarinqologiya Cəmiyyəti və Mərkəzi və Qərbi Asiya Qulaq-burun-boğaz və Baş-boyun Cərrahiyyəsi Birliyinin təşkilatçılığı ilə keçirilən konqresdə Azərbaycan, ABŞ, İtaliya, Rusiya Federasiyası, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistandan 350-yə yaxın otorinolarinqoloq iştirak edir.
Konqresin xarici qonaqları arasında Dünya Qulaq-burun-boğaz Cəmiyyətləri Konfederasiyasının eks-prezidenti professor Desiderio Passali, İdarə Heyətinin üzvü professor Metin Önerci, Mərkəzi və Qərbi Asiya Qulaq-burun-boğaz və Baş-boyun cərrahiyyəsi Birliyinin sədri, professor Vadim Nasırov, Türk Qulaq-burun-boğaz və Baş-boyun Cərrahiyyəsi Cəmiyyətinin sədri professor Tayfun Kirazlı, həmin cəmiyyətin baş katibi professor Özgür Yiğit, Avropa Larinqologiya Cəmiyyətinin keçmiş sədri professor Ferhan Öz, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan və Tacikistan Otorinolarinqologiya cəmiyyətlərinin sədrləri və digər tanınmış otorinolarinqoloqlar var.
İki gün ərzində müzakirə olunmaq üçün ümumilikdə 65 məruzəçi öz elmi işini təqdim edib. Konqresin elmi proqramı otorinolarinqologiyanın müxtəlif problemlərinə həsr olunmuş 4 kurs və 13 elmi paneldən ibarətdir.
Konqres öz işinə sentyabrın 3-də yekun vuracaq.