Azərbaycan Özbəkistan Enerji Həftəsində təmsil olunub
Bakı, 13 may, AZƏRTAC
Energetika nazirinin müavini Orxan Zeynalov Özbəkistanın Daşkənd şəhərində “Yeni enerji: İnnovasiyalar, davamlılıq, regional əməkdaşlıq” mövzusunda keçirilən Enerji Forumunda iştirak edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nazir müavini “Dayanıqlı regional enerji sisteminin formalaşdırılması üçün səylərin birləşdirilməsi” adlı plenar sessiyada çıxış edib.
Plenar sessiyada vahid enerji bazarı sahəsində regional əməkdaşlıq imkanları, müasir enerji bazarının formalaşdırılması yolları, yaşıl iqtisadiyyata keçid strategiyasının həyata keçirilməsi və digər mövzular müzakirə edilib.
Tədbir çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi layihəsi üzrə hər üç ölkənin energetika nazirlərinin müavinləri arasında görüş olub. Görüşdə layihənin icra vəziyyəti, texniki-iqtisadi əsaslandırmasının hazırlanması üzrə görülmüş işlər və gələcək istiqamətlər nəzərdən keçirilib.
Səfər çərçivəsində nazir müavini Orxan Zeynalovla Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov, Qazaxıstanın energetika nazirinin müavini və Türkmənqaz Dövlət Konserni rəhbərinin müavini arasında birgə, həmçinin Beynəlxalq Enerji Xartiyasının Baş katibi vəzifəsini icra edən Atsuko Hiroşe ilə görüşlər keçirilib, energetika sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.