Azərbaycan-Özbəkistan münasibətləri siyasi müttəfiqlikdən vahid geoiqtisadi əməkdaşlıq modelinə keçir ŞƏRH
Bakı, 24 avqust, AZƏRTAC
Azərbaycan-Özbəkistan münasibətlərində 2026-cı il siyasi müttəfiqlikdən vahid geoiqtisadi və regional əməkdaşlıq modelinə keçid ili kimi qiymətləndirilə bilər. Bu yeni mərhələnin əsas siyasi hadisəsi Prezident İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri və Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi oldu. Bu format iki ölkə arasında strateji qərarların əlaqələndirilməsi və müttəfiqliyin konkret layihələrlə möhkəmləndirilməsi baxımından mühüm institusional mexanizmə çevrilir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycan–Özbəkistan ticarət dövriyyəsi 795 milyon ABŞ dollarına çataraq əvvəlki illə müqayisədə üç dəfədən çox artıb. 2026-cı ilin ilk aylarında isə ticarət 33 faiz artaraq 144 milyon dollara yüksəlib. Bu rəqəmlər münasibətlərin iqtisadi ölçüsünün sürətlə genişləndiyini göstərir. Lakin yeni mərhələnin əsas xüsusiyyəti yalnız ticarətin artması deyil. Əməkdaşlıq qarşılıqlı investisiyalar və birgə istehsala keçir. 500 milyon dollar kapitalla yaradılmış Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti sənaye, tekstil, kənd təsərrüfatı, tikinti materialları və logistika kimi sahələrdə birgə layihələrin əsas maliyyə mexanizmlərindən birinə çevrilir. Bu baxımdan münasibətlərdə mühüm dəyişiklik baş verir: “almaq-satmaq” modelindən “birlikdə istehsal etmək və investisiya qoymaq” modelinə keçid müşahidə olunur.
“Azərbaycan–Özbəkistan əməkdaşlığının digər mühüm istiqaməti Orta Dəhlizdir. Özbəkistan Mərkəzi Asiyanın mühüm iqtisadi mərkəzi, Azərbaycan isə Xəzər vasitəsilə Mərkəzi Asiyanı Cənubi Qafqaz və Avropa ilə birləşdirən əsas tranzit ölkələrdən biridir. 2025-ci ildə tranzit daşımaların həcmi 6,7 faiz artaraq 1,4 milyon tona, 2026-cı ilin ilk yarısında isə daha 12,2 faiz artaraq 675 min tona çatıb.
Bundan başqa, münasibətlərin yeni mərhələsinin ən perspektivli istiqamətlərindən biri də yaşıl enerji əməkdaşlığıdır. Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında yaşıl enerji üzrə əməkdaşlıq Xəzər üzərindən Mərkəzi Asiyanın bərpaolunan enerji potensialının Azərbaycan vasitəsilə daha geniş bazarlara çıxarılması perspektivi yaradır. Bu baxımdan Azərbaycan–Özbəkistan münasibətləri gələcəkdə yalnız neft-qaz əməkdaşlığı ilə deyil, yaşıl elektrik enerjisinin istehsalı, ötürülməsi və ixracı ilə də xarakterizə oluna bilər”, - deyə deputat əlavə edib.
P.Vəliyeva sonda bildirib ki, Azərbaycan-Özbəkistan münasibətlərinin 2026-cı ildə yeni mərhələyə keçməsi yalnız ikitərəfli münasibətlər baxımından deyil, Türk dünyasının və Mərkəzi Asiya-Cənubi Qafqaz əlaqələrinin gələcəyi baxımından da strateji əhəmiyyət daşıyır. Əgər əvvəlki mərhələdə əsas məqsəd siyasi etimadın və hüquqi müttəfiqlik bazasının yaradılması idisə, yeni mərhələnin əsas hədəfi bu siyasi yaxınlığı ticarətə, investisiyaya, nəqliyyat dəhlizlərinə, regional layihələrə, humanitar əlaqələrə və real iqtisadi nəticələrə çevirməkdir. Ali Dövlətlərarası Şuranın avqustun 23-də keçirilən üçüncü iclası da məhz bu istiqamətdə mühüm platformadır.