AZƏRBAYCAN PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİ PAKİSTANDA SƏFƏRDƏ OLMUŞDUR
Pakistan Milli Assambleyasının spikeri Çoudri Əmir Hüseyn Azərbaycan nümayəndə heyətini qəbul etmişdir. Ölkəsinin Azərbaycan ilə hərtərəfli əlaqələrə mühüm əhəmiyyət verdiyini vurğulayan Ç.Ə.Hüseyn, bu səfərin dövlətlərimiz arasında münasibətlərin möhkəmlənməsinə xidmət edəcəyini, parlamentlərarası əlaqələrin daha da genişlənməsinə təkan verəcəyini demişdir.
Azərbaycanın da Pakistan ilə əməkdaşlığa xüsusi önəm verdiyini bildirən E.İbrahimov, Milli Məclisin sədri Oqtay Əsədovun Azərbaycana dəvət məktubunu Çoudri Əmir Hüseynə təqdim etmişdir.
Nümayəndə heyətinin Pakistan Senatının xarici əlaqələr komitəsinin sədri Müşahid Hüseynlə və komitənin üzvləri ilə görüşündə konkret əməkdaşlıq sahələri müzakirə edilmişdir.
Azərbaycan deputatları Pakistanın xarici işlər naziri Xurşid Kasuri, yanacaq və təbii ehtiyatlar naziri, Pakistan-Azərbaycan hökumətlərarası birgə komissiyanın həmsədri Əmənulla Xan Cadun və Senatının sədri vəzifəsini icra edən Can Camali ilə görüşmüş, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha yüksək səviyyəyə qaldırılması barədə fikir mübadiləsi aparmışlar. Beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da biri-birinə dəstək göstərilməsinin xüsusi əhəmiyyət daşıdığı vurğulanmışdır.
Nümayəndə heyətinin üzvlərinin iqtidarda olan Pakistan Müsəlman Liqasının (Q) prezidenti Çoudri Şücaət Hüseynin iqamətgahında keçirdiyi görüşdə ölkələrimizdə fəaliyyət göstərən partiyalar arasında münasibətlərə dair fikir mübadiləsi aparılmışdır.
Bundan əlavə, Azərbaycan deputatları Qaidi-Əzəm Universitetində “Azərbaycan və regional enerji məsələləri” mövzusunda dəyirmi masada iştirak etmişlər. Nümayəndə heyətinin üzvləri Azərbaycanın regionda artan rolu, enerji təhlükəsizliyinin siyasi və iqtisadi maraqlarla əlaqəsi barədə geniş məlumat vermişlər. Tədbirdə eyni zamanda universitetlərarası tələbə mübadiləsi və digər məsələlər müzakirə edilmişdir.
Səfər çərçivəsində İslamabad Müasir Milli Dillər Universiteti ilə Naxçıvan Dövlət Universitetinin rektorları görüşmüş, əməkdaşlıq haqqında protokol imzalanmışdır.
Pakistan parlamentinin binasında keçirilən mətbuat konfransında Eldar İbrahimov, nümayəndə heyətinin üzvləri Hadi Rəcəbli və Asim Mollazadə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, respublikamızın iqtisadi, siyasi inkişafı haqqında ətraflı məlumat vermiş, jurnalistlərin müxtəlif mövzulu suallarını cavablandırmışlar.
“Luk Virsa” muzeyində Azərbaycan guşəsinin açılış mərasimində Azərbaycanın Pakistandakı səfiri Eynulla Mədətli, Eldar İbrahimov və Pakistanın mədəniyyət naziri Seyid Qazi Camal çıxış etmiş, ölkələrimiz arasında mədəni əlaqələrin inkişaf etdirilməsi baxımından sərginin əhəmiyyətini yüksək dəyərləndirmişlər. Mərasimdə Pakistanda akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, ictimaiyyətin nümayəndələri, İslamabadda yaşayan azərbaycanlılar iştirak etmişlər.
Azərbaycan nümayəndə heyəti ümummilli liderimiz Heydər Əliyevin və Prezident İlham Əliyevin Pakistana səfərləri zamanı ağac əkdikləri İslamabadın Şəkərpariyan parkında da olmuş, islam dünyasının möhtəşəm abidələrindən olan “Faysal” məscidini ziyarət etmişlər.
Milli Məclisin nümayəndə heyətinin səfəri Pakistanın kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır.