AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV “2002-Cİ İLİN SİYASƏT ADAMI” MÜKAFATINA LAYİQ GÖRÜLMÜŞDÜR
Azərbaycan Prezidenti Heydər Əliyevin böyük dövlətçilik təcrübəsi və zəngin siyasi fəaliyyəti təkcə öz ölkəsində deyil, dünyanın nüfuz dairələrində də yüksək qiymətləndirilir. Prezident Heydər Əliyevin gördüyü böyük işlər miqyasına və əhəmiyyətinə görə yalnız Azərbaycanın deyil, regionun və dünya sivilizasiyasının tərəqqisinə xidmət edir...
Bu sətirlər Türkiyə İpək Yolu Vəqfi idarə heyətinin sədri doktor Hasan Moğolun Azərbaycanın Ankaradakı səfirliyinin xətti ilə AZƏRTAC-a daxil olmuş məktubundan götürülmüşdür. Məktubda deyilir ki, Vəqfin idarə heyətinin yekdil qərarı ilə Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev “2002-ci ilin Siyasət Adamı” mükafatına layiq görülmüşdür. Bu nüfuzlu mükafat türk dünyasının, o cümlədən region dövlətlərinin inkişafında xüsusi xidmətləri olan dövlət və siyasət xadimlərinə verilir. Bildirilir ki, Azərbaycan Prezidenti Heydər Əliyev “2002-ci ilin Siyasət Adamı” mükafatına tarixi İpək Yolunun yenidən inkişafı və canlanması, Bakı-Tbilisi-Ceyhan ixrac boru kəmərinin həyata keçirilməsi, Ermənistan silahlı qüvvələrinin işğalı altındakı Azərbaycan torpaqlarının sülh yolu ilə azad edilməsi üçün göstərdiyi qətiyyətli səylərə, latın qrafikalı əlifbaya keçməklə türk əlifba birliyinin və türkdilli ölkələrin birliyinin yaradılması, Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, Türkiyə, türkdilli respublikalar və dünya ölkələri ilə qurduğu dostluq münasibətləri və əməkdaşlıq nəticəsində Azərbaycanı etibarlı və fəal tərəfdaş dövlətlər sırasına çıxarmaq sahəsindəki yorulmaz fəaliyyətinə görə layiq görülmüşdür.
Səfirlikdən onu da bildirmişlər ki, Vəqfin bu barədə qərarı Türkiyə mətbuatında geniş işıqlandırılmışdır.
X X X
İpək Yolu Vəqfi 1997-ci ildə doktor Hasan Moğol və ölkənin bir sıra alimləri, ictimai xadimləri tərəfindən yaradılmışdır. Nizamnaməyə əsasən, türkdilli ölkələrin prezidentləri və baş nazirləri Vəqfin fəxri üzvləridir. İdarə heyəti Ankarada yerləşən Vəqf ötən illər ərzində tarixi İpək Yolunun dirçəldilməsi sahəsində səmərəli fəaliyyəti ilə böyük nüfuz qazanmışdır.
Prezident Heydər Əliyev 1998-ci ildə Vəqfin fəxri üzvü, 1999-cu ildə fəxri sədri seçilmişdir.
İpək Yolu Vəqfi yaradılandan bəri onun idarə heyəti Azərbaycan Prezidenti Heydər Əliyevin fəaliyyətini diqqətlə izləmiş və 1998-ci ildən etibarən hər il dövlətimizin başçısını yüksək mükafatlara layiq görmüşdür.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə 1998-ci ildə İpək Yolu xidmət mükafatı, “1999-cu ilin Dövlət adamı” mükafatı, “2001-ci ilin Dövlət adamı” mükafatı və “2002-ci ilin Siyasət adamı” mükafatı verilmişdir.