SİYASƏT
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV BAKIDAN PEYK RABİTƏSİ SİSTEMİ VASİTƏSİLƏ ABŞ-DA KEÇİRİLƏN “İPƏK YOLU XXI ƏSR-DƏ, MƏRKƏZİ ASİYA VƏ QAFQAZDA TƏHLÜKƏSİZLİK VƏ TƏHLÜKƏLƏR” MÖVZUSUNDA KONFRANSIN İŞİNƏ QOŞULMUŞDUR
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev sentyabrın 21-də axşamüstü Azərbaycan Dövlət Televiziyasının peyk rabitəsi sistemi vasitəsilə Amerika Birləşmiş Ştatlarında keçirilən “İpək Yolu XXI əsrdə. Mərkəzi Asiya və Qafqazda Təhlükəsizlik və Təhlükələr” mövzusunda konfransın işinə qoşulmuşdur.
Sentyabrın 19-21-də keçirilmiş konfransın təşkilatçıları ABŞ-ın Yel Universiteti, Təl-Əviv Universitetinin Dayan və Kumminqs mərkəzləri və Türkiyənin İqtisadi və Sosial Araşdırmalar Fondu, tədbirə bilavasitə məsul şəxslər isə ABŞ dövlət katibinin keçmiş müavini, Brukinqs İnstitutunun prezidenti Stroub Talbot və Meksikanın sabiq prezidenti, Qloballaşdırma Tədqiqatları Mərkəzinin direktoru Ernesto Zedilyodur.
Konfransda ABŞ müdafiə nazirinin keçmiş müavini Robert Qalluçi, səfir Stiv Sestanoviç, səfir Lin Pasko, hazırkı dövlət katibinin birinci müavini Riçard Armitacın köməkçisi səfir Bet Cons, Rusiya, Qafqaz və Orta Asiya ölkələri üzrə bir çox tədqiqatçılar, politoloqlar, o cümlədən Jerar Libaridyan, Brenda Şafer, Dmitri Treynin və Fred Star iştirak etmişlər.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev bu mühüm konfransın iştirakçılarına Xəzər bölgəsində gedən proseslər, habelə Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumat vermiş, onların çoxsaylı suallarını cavablandırmışdır.