AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV HİNDİSTANIN ÖLKƏMİZDƏKİ SƏFİRİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Prezident sarayında Hindistanın səfiri Cyoti Svarup Pandeni ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Azərbaycanda işlədiyi dövrdə ona göstərilən köməyə görə minnətdarlığını bildirən səfir ölkələrimiz arasındakı əlaqələrin uğurla inkişaf etdiyini söylədi.
Prezident İlham Əliyev cənab Cyoti Svarup Pandenin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Hindistan arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdiyini bildirdi. Hər iki ölkənin yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini qeyd edən dövlətimizin başçısı bu işlərdə səfirin xidmətlərini vurğuladı.