AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV “İLİN ADAMI” ADINA LAYİQ GÖRÜLMÜŞDÜR
Azərbaycan Prezidenti İlham Əliyev ictimai-siyasi fəaliyyət sahəsində beynəlxalq mükafatın laureatı olmuşdur.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 14-də “İlin adamı” ümummilli proqramının prezidenti Arkadi Raytsin və Ali Akademik Şuranın üzvü Mixail Reznik Azərbaycanın Ukraynadakı səfirliyinə gəlmişlər. Onlar Azərbaycan Prezidenti İlham Əliyevin bu nüfuzlu beynəlxalq mükafatla təltif olunması haqqında Ali Akademik Şuranın sədri, Ukrayna Milli Elmlər Akademiyasının akademiki Vladimir Seminojenkonun imzaladığı nota-bildirişi səfir Tələt Əliyevə təntənəli şəraitdə təqdim etmişlər.
Ukrayna tərəfi sənədlər paketini Azərbaycan səfirinə təqdim edərək, Prezident İlham Əliyevin dünya və Avropa siyasətinin inkişafına verdiyi sanballı töhfələrini, Ukrayna-Azərbaycan dostluq münasibətlərinin inkişafında və möhkəmlənməsində böyük xidmətlərini yüksək qiymətləndirmişdir.
A.Raytsin və M.Reznik Azərbaycan dövləti başçısının çox yüksək səviyyədə təhsil aldığını qeyd edərək, onu yeni formasiyalı və dünya miqyaslı parlaq siyasət xadimi adlandırmışlar. Ukraynanın ABŞ, Çin və Koreya Respublikasındakı sabiq səfiri Mixail Reznik bu həqiqəti təsdiqləyərək demişdir ki, Prezident İlham Əliyevin xarici siyasəti sayəsində Azərbaycanın həmin ölkələrdə nüfuzunun nəzərəçarpacaq dərəcədə artdığının şahidi olmuşdur.
Ukrayna tərəfi xüsusi vurğulamışdır ki, müstəqil Ukrayna və Azərbaycan dövlətləri arasında ənənəvi, qırılmaz əlaqələri möhkəmləndirən Prezident İlham Əliyev öz ölkəsinin daxili və xarici siyasətində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş uğurları layiqincə davam etdirir.
Sonda onlar ümidvar olduqlarını bildirmişlər ki, Prezident İlham Əliyev 2007-ci il martın 17-də Kiyevə gəlməyə vaxt tapacaqdır. Həmin gün “Ukrayna” sarayında “Prometey – Prestij” heykəlciyinin və “İlin adamı” nominasiyası qalibinin Fəxri diplomunun təqdim edilməsi mərasimi olacaqdır.
Səfir Tələt Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirdiyinə görə Ukrayna tərəfinə təşəkkürünü bildirmiş və demişdir ki, fəxri vəzifəni böyük məmnuniyyətlə yerinə yetirərək, dövlətimizin başçısının parlaq qələbəsi haqqında rəsmi bildirişi Prezidentə təqdim edəcəkdir.