AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MOLDOVANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da Prezident sarayında Moldova Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İon Robunun etimadnaməsini qəbul etmişdir.
İon Robu Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.
Dövlətimizin başçısı səfirlə və diplomatik nümayəndəliyin əməkdaşları ilə xatirə şəkli çəkdirdi.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi, onu yeni təyinatı münasibətilə təbrik etdi, diplomatik fəaliyyətində uğurlar arzuladı.
Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etməkdən şərəf duyduğunu bildirdi, ölkəsinin Prezidentinin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev onun da salamlarını Prezident Vladimir Voroninə çatdırmağı xahiş etdi, hər iki ölkədə səfirliklərin fəaliyyət göstərməsini Azərbaycan-Moldova münasibətlərinin müsbət göstəricisi kimi dəyərləndirdi.
Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı.