RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV POLŞANIN MİLLİ MÜDAFİƏ NAZİRİ BOQDAN KLİXİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
![AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV POLŞANIN MİLLİ MÜDAFİƏ NAZİRİ BOQDAN KLİXİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR](/files/2009/3/1200x630/14858662886231442332_1200x630.jpg)
Bakı, 25 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də Polşanın milli müdafiə naziri Boqdan Klixin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycan ilə Polşa arasında münasibətlərin uğurla inkişaf etdiyini, siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğuladı. Dövlət başçılarının qarşılıqlı səfərlərinin və görüşlərinin intensiv və məhsuldar olduğunu qeyd edən Prezident İlham Əliyev bildirdi ki, hər iki tərəf ölkələrimiz arasında münasibətlərin müxtəlif istiqamətlərdə genişləndirilməsində maraqlıdır. Prezident İlham Əliyev Polşanın milli müdafiə naziri Boqdan Klixin Azərbaycana səfərinin ölkələrimizin müdafiə nazirlikləri arasında əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.
Polşanın milli müdafiə naziri Boqdan Klix Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi işinə töhfə vermək üçün yaxşı fürsət yaratdığını dedi və ölkəmizdə olduğu müddətdə məhsuldar görüşlər keçirəcəyinə əminliyini ifadə etdi.
######