AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RİQADA “AZADLIQ” ABİDƏSİNİ ZİYARƏT ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, Latviya Respublikasının Prezidenti xanım Vayra Vike-Freyberqa və həyat yoldaşı İmants Freyberqs Riqa şəhərində “Azadlıq” abidəsinin ucaldıldığı mərkəzi meydana gəldilər.
Meydanda fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev hərbi musiqinin sədaları altında abidənin önünə gül və əklil qoydu.
Azərbaycanın və Latviyanın dövlət himnləri səsləndi.
Prezident Vayra Vike-Freyberqa dövlətimizin başçısına məlumat verdi ki, Latviya xalqının azadlıq rəmzi olan bu abidə 1935-ci il noyabrın 18-də ucaldılmışdır. Uzun illər başqa dövlətlərin əsarəti altında olmuş Latviya 1918-ci ildə məhz noyabrın 18-də müstəqil respublika elan edilmişdi. 1940-cı ildə Latviya Sovet İttifaqına birləşdirildikdən sonra bu abidənin önünə gül-çiçək qoymaq, əslində, qadağan olunmuşdu. Buna baxmayaraq, latış xalqı milli azadlıq hərəkatlarının, tarixi hadisələrin ildönümünü, repressiya qurbanlarının xatirəsini burada yad edirdi. Ötən əsrin sonunda xalqın yenidən müstəqillik uğrunda mübarizəsi də məhz buradan başlanmışdır.