AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NYU-YORKA SƏFƏRİ
KOLUMBİYA UNİVERSİTETİNDƏ GÖRÜŞ
Dünyanın tanınmış dövlət başçılarının – ABŞ Prezidenti Corc Buşun, Rusiya Prezidenti Vladimir Putinin, görkəmli ictimai-siyasi xadimlərin qonağı olduqları bu məşhur elm və təhsil ocağında Azərbaycan Prezidenti böyük hörmət və ehtiramla qarşılandı. 250 illik tarixi olan, bir çox elm sahələrinə dair, eləcə də ictimai və sosial araşdırmaların, siyasi diskussiyaların mərkəzinə çevrilən bu universitetdə, ənənəvi olaraq Dünya liderlərinin forumu çərçivəsində, beynəlxalq aləmdə yaxşı tanınan dövlət rəhbərləri, ictimai-siyasi xadimlərlə görüşlər keçirilir.
Azərbaycan Prezidenti ilə görüşü universitetin Yer İnstitutu təşkil etmişdi. Görüşü həmin institutun direktoru Ceffri Səks açdı.
KOLUMBİYA UNİVERSİTETİ YER İNSTİTUTUNUN DİREKTORU CEFFRİ SƏKSİN ÇIXIŞI
- Xanımlar və cənablar!
Mən institutun direktoru Ceffri Səksəm. İstərdim ki, bu gün hamınızı Dünya liderlərinin forumu sessiyasında salamlayım. Bu gün Forumumuzun qonağı Azərbaycan Respublikasının Prezidenti zati-aliləri İlham Əliyevdir.Cənab Prezident, görüşə gəldiyinizə görə Sizə minnətdaram. Yəqin özünüz də müşahidə edirsiniz ki, Sizin çıxışınıza hədsiz maraq vardır. Çoxsaylı auditoriya Sizi gözləyir. Düşünürəm ki, Sizin çıxışınıza toplaşmış adamlar, ilk növbədə, yol polisi və təhlükəsizlik xidməti işçilərini ikiqat işləməyə məcbur edir. Prezident buraya Birləşmiş Millətlər Təşkilatından birbaşa gəlir. O, bu gün səhər çıxış etmişdir. Biz çox məmnunuq ki, Siz bizimləsiniz.
Bildiyiniz kimi, bu cür görüşlər bizdə illik keçirilən görüşlərdir. Universitetimizin müəllim-professorları və tələbələri bu forumlarda dünyanın aparıcı fikir sahibləri ilə görüşüb, onların baxışlarını öyrənmək, müzakirə aparmaq kimi nadir imkan qazanırlar. Dünya liderlərinin təhsil sahəsindəki qabaqcıl alimlərlə görüşməsi ənənəvi xarakter almışdır. Görüşlərdə həm universitetin tədqiqatçıları, həm də bu sahədəki alimlər iştirak edirlər. Bu gün qonağımız Azərbaycanın Prezidentidir. Biz amerikalılar üçün bu ölkə diqqətəlayiq maraq kəsb edir. Qeyri-sabit regionda mühüm lider olan ölkədir. Biz istərdik ki, bu gün regionun gələcəyi ilə bağlı Sizin fikirlərinizi öyrənək.
Prezident İlham Əliyev 1961-ci ildə Bakıda anadan olmuşdur. Dünya liderliyində cavanlaşma prosesi göz qabağındadır. O, Moskvada Beynəlxalq Münasibətlər Universitetini – keçmiş SSRİ-də və bütün dünyada sayılıb- seçilən təhsil ocağını bitirmişdir.
1985-ci ildən 1990-cı ilədək həmin universitetdə dərs demiş, mühazirələr oxumuşdur. Sonra Azərbaycana döndü, 1994-cü ildə Dövlət Neft Şirkətinin vitse-prezidenti oldu. 1995-ci ildə parlamentə seçildi və sonra 2000-ci ildə bir daha seçildi. 2003-cü ildə Baş nazir oldu və elə həmin ildəcə ölkənin Prezidenti seçildi.
Cənab Prezident, Sizin burada olmağınızdan hamımız çox həyəcan keçiririk. Sizə minnətdarıq ki, BMT-də çıxışdan və ikitərəfli görüşlərdən dərhal sonra bizi intizarda qoymadınız və Kolumbiya Universitetinə gəldiniz. Kolumbiya Universiteti Sizin burada olmağınızdan qürur hissi keçirir. Biz səbirsizliklə çıxışınızı gözləyirik.