AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ GÜRCÜSTAN PREZİDENTİ EDUARD ŞEVARDNADZENİN GÖRÜŞÜ
İlham Əliyevi dövlətdə ali vəzifəyə seçilməsi münasibətilə gürcü xalqı adından və şəxsən öz adından təbrik edən cənab Şevardnadze Azərbaycan-Gürcüstan münasibətlərinin bundan sonra da qardaşlıq və mehriban qonşuluq ruhunda inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi, bu münasibətlərin bərqərar olmasında Azərbaycan Prezidenti Heydər Əliyevin misilsiz rolunu xüsusi vurğuladı.
Azərbaycan Prezidenti İlham Əliyev səmimi sözlərə görə Prezident Eduard Şevardnadzeyə təşəkkür etdi, Gürcüstan rəhbərinə andiçmə mərasiminə şəxsən təşrif gətirdiyinə görə Heydər Əliyevin adından və öz adından minnətdarlığını bildirdi. O, nəzərə çarpdırdı ki, Azərbaycan rəhbərliyinin Gürcüstan barəsində Azərbaycan Prezidenti Heydər Əliyevin dövründə təşəkkül tapmış siyasəti dəyişməyəcəkdir.
Görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Eduard Şevardnadze jurnalistlərin suallarına cavab verdilər.
SUAL: İlham Heydəroviç, Gürcüstan Prezidenti Eduard Şevardnadzenin andiçmə mərasimində iştirakı Sizin üçün nə deməkdir?
İLHAM ƏLİYEV: Bugünkü andiçmə mərasimində iştirak etmək üçün vaxt tapıb Azərbaycana gəldiyinə görə çox hörmətli Eduard Amvrosiyeviçə səmimi qəlbdən təşəkkürümü bildirdim. Bu, indiki mərhələdə xeyli dərəcədə xalqlarımızın liderləri Eduard Şevardnadze ilə Heydər Əliyevin şəxsi dostluğu və qarşılıqlı hörmətinin nəticəsi olan münasibətlərimizin qardaşlıq xarakterini bir daha nəzərə çarpdırır. Mənə son dərəcə xoşdur ki, çox məşğul olmasına və Gürcüstanda gözlənilən proseslərə baxmayaraq, Eduard Şevardnadze vaxt tapıb buraya gəldi. Buna görə mən ona çox minnətdaram. Ölkələrimiz arasında münasibətlər əvvəlki ruhda, əvvəlki məcrada, qardaşlıq, qarşılıqlı yardım, qarşılıqlı anlaşma əsasında inkişaf edəcəkdir. Ümidvaram ki, Azərbaycanda varislik siyasəti və Gürcüstanda aparılan siyasət ölkələrimizin və xalqlarımızın bir-birinə daha yaxın olmasına rəvac verəcəkdir.
SUAL: Cənab Şevardnadze, Siz Azərbaycanın yeni Prezidentindən Gürcüstan barəsində nə gözləyirsiniz?
EDUARD ŞEVARDNADZE: Mən İlham Heydəroviçin dediklərinə təzə bir şey əlavə edə bilmərəm. Biz, iki prezident – Heydər Əliyeviç və mən birlikdə işlədiyimiz illərdə xalqlarımız arasında dostluq və qardaşlığın sanballı bünövrəsini qoymağa müvəffəq olduq. Biz iqtisadi problemləri, neft kəməri və qaz kəməri ilə bağlı çox mürəkkəb problemləri, digər məsələləri birlikdə həll edirdik. Bu gün razılığa gəldiyimiz ən başlıca məsələ dostluğu əvvəlki ruhda davam etdirməkdir. Prezidentlərin dostluq etməsi xalqlar üçün çox yaxşı nümunədir. Biz Heydər Əliyeviçlə xalqlarımıza sübut edə bildik ki, bu, xalqlarımızın – Azərbaycan və gürcü xalqlarının xeyrinədir. Xoşbəxtəm ki, biz bunu İlham Əliyevlə də həyata keçirəcəyik.
Mən onu çoxdan tanıyıram, amma Heydər Əliyeviçi tanıdığım qədər çoxdan yox. Biz onunla MDBMİ-də oxuduğu vaxtdan tanışıq. Ona diqqət yetirirdim. Zənnimcə, Azərbaycan xalqı və Heydər Əliyeviç düzgün seçim etmişlər və Azərbaycanı xoşbəxt gələcək gözləyir.
X X X
Görüşdə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidze və Gürcüstan Beynəlxalq Neft Korporasiyasının prezidenti Giorgi Çanturia iştirak edirdilər.