Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEKUN NİTQİ

- İndi altı ayın yekunları haqqında geniş məlumatlar səsləndi və bu məlumatlar bir daha onu göstərir ki, altı ay ərzində Azərbaycan iqtisadiyyatı və demək olar ki, həyatımızın bütün sahələri çox sürətlə inkişaf edir. Bütün bunları bilmək, əlbəttə ki, təhlil etmək lazımdır. Həm əldə edilmiş nailiyyətlər, eyni zamanda, gələcək planlar haqqında biz gərək bu gün öz fikirlərimizi formalaşdıraq. İlk növbədə, təhlil bizə imkan verəcək ki, həm müsbət, həm də mənfi tərəfləri biz daha da geniş şəkildə üzə çıxaraq, eyni zamanda, gələcək fəaliyyətimizdə bütün bunları gərək nəzərdə saxlayaq.

O ki qaldı gələcək fəaliyyətimizə, mən istərdim ki, bəzi fikirlərimi söyləyim. Nazirlərin çıxışlarında da bəzi təkliflər, yeni ideyalar, yeni fikirlər artıq səsləndi.

Ölkəmizin hərtərəfli və davamlı inkişafı üçün əlbəttə ki, birinci ən vacib məsələ makroiqtisadi vəziyyətin sabit qalmasıdır. Azərbaycan uzun illərdir ki, bu baxımdan çox uğurla inkişaf edən ölkədir. 1995-ci ildən bu günə qədər ümumi daxili məhsul Azərbaycanda hər il yüksək sürətlə artır. Təxminən 2004-cü ilə qədər haradasa, ildə 10 faiz artırdı, bu da dünya praktikasında çox böyük nailiyyətdir. Ancaq son iki il ərzində bu artım daha da güclü olmuşdur. Keçən il 26 faiz, bu ilin altı ayında 40 faizə yaxın və yəqin ki, bu sürət bu il, gələn il və 2008-ci ildə də saxlanılacaqdır. Bu, əlbəttə, bizim üçün böyük bir nailiyyətdir. Bizim işimizi daha da yüngülləşdirir, imkanlarımızı artırır, eyni zamanda, ümumi iqtisadiyyata böyük yükdür. Bunu iqtisadçılar yaxşı bilir və gərək bu məsələ ilə əlaqədar biz siyasətimizi çox dəqiq aparaq. Nəzərə alsaq ki, gələn ildən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyəti nəticəsində Azərbaycana külli miqdarda valyuta axını daxil olacaq, əlbəttə ki, makroiqtisadi vəziyyətin sabit qalması ümumi iqtisadi inkişafımız üçün əsas prioritet məsələdir.

Təbii ki, büdcə xərcləri artmalıdır. Azərbaycan inkişaf edir, ölkənin çoxlu problemləri var, iqtisadi-sosial infrastruktur layihələri var və biz xərcləri artıracağıq. Gələn ilin büdcəsində əlbəttə, daha da böyük xərclər nəzərdə tutulacaqdır. Eyni zamanda, bu xərclərin artımı və bütövlükdə, iqtisadi inkişafın bütün uğurları makroiqtisadi vəziyyətə mənfi təsir göstərə bilər. Biz bu mənfi təsirin bəzi əlamətlərini keçən il və bu ilin əvvəlində yaşamışıq. İlk dəfə olaraq, demək olar ki, son on il ərzində Azərbaycanda inflyasiya 2 faizdən yuxarı qalxmışdır. Bizim üçün bu, keçən il bir növ gözlənilməz olmuşdu, ancaq görülən tədbirlər nəticəsində inflyasiyanın qarşısı alındı və aşağı salındı.

Bu il inflyasiya 6 faizdir, ancaq ərzaq məhsullarının qiymətlərinin artımı əlbəttə ki, çox böyük bir ciddi siqnaldır. Ona görə bizim iqtisadi siyasətimiz bundan sonra çox dəqiq olmalıdır. Burada səhvə yol vermək qətiyyən olmaz. Hər bir yanlış addım bizim ümumi iqtisadi vəziyyətimizə mənfi təsir göstərə bilər. Hesab edirəm ki, makroiqtisadi vəziyyətin sabit qalması bütün başqa vacib amillərlə yanaşı, birinci əsas məsələdir. Biz elə etməliyik ki, iqtisadiyyatımızın uğurlu inkişafı əlavə təhlükələr yaratmasın. Bu baxımdan, əlbəttə ki, buna aid olan bütün digər məsələlər də öz həllini tapmalıdır. Bu barədə mən bir qədər sonra danışacağam.

Qeyri-neft sektorunun inkişafı artıq hamı tərəfindən qəbul olunur ki, bu, indi bizim üçün prioritet məsələdir. Azərbaycanın uğurlu neft strategiyası icra olunur və əgər fikir vermisinizsə, mən bu gün çıxışımda neft sektoruna o qədər də toxunmadım. Çünki bu sahədə işlər yaxşı gedir. Həm xarici tərəfdaşlarla bizim əməkdaşlığımız möhkəmlənir, dünyamiqyaslı layihələr artıq reallıqdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər layihələr, eyni zamanda Dövlət Neft Şirkəti tərəfindən işlənilən yataqlar və gələn il bu yataqlardan əlavə neft və qazın hasil edilməsi gözlənilir. Bir sözlə, bu sahədə vəziyyət yaxşıdır. Ona görə ilk növbədə, biz gərək qeyri-neft sektorunun inkişafına çalışaq.

Bir də ki, neft gəlirləri, neft pulları, əlbəttə, ölkənin iqtisadi imkanlarını artırır, valyuta ehtiyatlarımızı artırır, amma bütövlükdə, iqtisadi siyasət üçün onların bəzi hallarda mənfi təsiri də ola bilər. Çünki əgər qeyri-neft sektorundan vəsait yığılmırsa, əgər qeyri-neft sektoru inkişaf etmirsə, bu, böyük təhlükələrə gətirib çıxara bilər. Ona görə, iqtisadiyyatımızın şaxələndirilməsi məsələləri gündəlikdə durur və bu istiqamətdə işlər görülür.

Regionların sosial-iqtisadi inkişafı proqramı məhz bu geniş siyasətin tərkib hissəsidir və digər sahələrdə də qeyri-neft sektorunun inkişafına biz daha da böyük diqqət göstərməliyik. Hökumət, dövlət öz tərəfindən üzərinə düşən vəzifələri yerinə yetirir. Misal üçün, bilirsiniz ki, sahibkarlığın inkişafına biz əlavə vəsaitin ayrılmasını nəzərdə tuturuq, bu il bu məqsədlərə 100 milyon dollara qədər vəsait nəzərdə tutulub, gələn il yəqin ki, bu, artırılacaqdır. Bu yaxınlarda Azərbaycan İnvestisiya Şirkətinin yaradılması da bu məqsədi güdür, təbii ki, bi investisiya şirkəti qeyri-neft sektoru ilə məşğul olacaqdır. İlk növbədə, Azərbaycanın iqtisadiyyatı üçün önəmli olan sahələri yaratmaq və investisiyaları, o cümlədən xarici investisiyaları cəlb etmək üçün 100 milyon dollar kapitalı olan Dövlət İnvestisiya Şirkətinin fəaliyyəti həlledici rol oynayacaqdır. Bir tərəfdən, Azərbaycan dövləti bu şirkətin yaradılması ilə öz ciddi niyyətlərini ortaya qoymuş olur, digər tərəfdən, potensial xarici investor da Azərbaycanda qeyri-neft sektorunun inkişafına öz sərmayələrini daha da ürəklə qoyacaqdır.

Antiinflyasiya tədbirləri daim aparılmalıdır. Bu barədə artıq müəyyən işlər görülübdür və Azərbaycanın indiki durumunu və gələcək imkanlarını nəzərə alsaq, antiinflyasiya tədbirləri daim aparılmalıdır. Nəzərə almaq lazımdır ki, 20 il ərzində Azərbaycanın xəzinəsinə ancaq neft-qaz müqavilələrindən 140 milyard dollar daxil olacaqdır. Belə olan halda, bizim iqtisadi siyasətimizin əsas prioritetlərindən biri də antiinflyasiya tədbirlərinin möhkəmlənməsidir. Daim monitorinq aparılmalıdır, bütün imkanlar səfərbər olunmalıdır ki, biz inflyasiyanın artımına yol verməyək.

Bu gün çıxışlarda səsləndi ki, neft-qaz hasil edən ölkələrdə son müddət ərzində inflyasiya çox kəskin şəkildə, bizimkindən bəlkə 2 dəfə çox artmışdır. Bu, bir təfərdən onu göstərir ki, Azərbaycanda bu sahədə işlər yaxşı qurulur və aidiyyəti orqanlar burada səmərəli işləyirlər. Ancaq digər tərəfdən, 6 faiz inflyasiya bizi bu gün qane edirsə, gərək, inflyasiya birrəqəmli olsun. Xüsusilə, gələcək illər üçün bu, daha da önəmlidir, bizim neft gəlirlərimizi nəzərə almalıyıq. Bu istiqamətdə müxtəlif tədbirlər görülməlidir. Həm iqtisadi, həm inzibati tədbirlər də görülməlidir.

Misal üçün, kənd təsərrüfatı məhsulları yarmarkalarının təşkili bunu çox gözəl nümayiş etdirdi ki, inzibati tədbirlər burada çox böyük rol oynaya bilər. Yarmarkaların keçirilməsi bir tərəfdən, bu məqsədi güdür, digər tərəfdən, mən bunu bu gün qeyd elədim, sosial ədalət prinsiplərini də Azərbaycanda möhkəmləndirir. Çünki bizim iqtisadi imkanlarımız, insanların həyat səviyyəsinin yaxşılaşması ona gətirib çıxarır ki, alıcılıq qabiliyyəti artır və bazarda təklif olunan mallar, hətta yüksək qiymətə satılır. Yəni bu, bazar iqtisadiyyatı prinsiplərinin xüsusiyyətidir. Yəni bazar hər şeyi özü tənzimləyir və istisna deyil ki, sabah bazarda qiymətlər yenə qalxsa, yenə də hər şey alınacaq, hər şey satılacaqdır. Bu, bir növ onu göstərir ki, alıcıq qabiliyyəti artır, deməli, insanlar daha da yaxşı yaşamağa başlayırlar. Ancaq imkansız təbəqə isə deməli, bu imkanlardan tamamilə məhrum olur. Ona görə, aztəminatlı ailələrin vəziyyətinin yaxşılaşdırılması üçün bu yarmarkalar daim keçirilməlidir və güclü nəzarət olmalıdır ki, orada qiymətlər daim belə sabit, aşağı olaraq qalsın.

2007-ci ilin büdcəsi haqqında artıq işlər başlayıbdır. Büdcə təbii ki, kəmiyyət baxımından daha da böyük olmalıdır, eyni zamanda, iki əsas istiqaməti özündə ehtiva etməlidir. Həm investisiyayönümlü, həm də sosialyönümlü olmalıdır. Azərbaycanın siyasəti, ölkəmizin siyasəti məhz bundan ibarətdir. Biz bazar iqtisadiyyatı prinsiplərinə sadiqik və Azərbaycanda bu prinsipləri geniş tətbiq edirik. Ancaq eyni zamanda çox güclü sosial siyasət də aparılmalıdır. Çünki biz elə etməliyik ki, insanlar daha da yaxşı yaşasınlar. Ona görə, 2007-ci ilin büdcəsində həm böyük, bizim üçün lazım olan iqtisadi infrastruktur layihələri olmalıdır, eyni zamanda, orada əməkhaqlarının, pensiyaların artımı da nəzərdə tutulmalıdır. Minimum əməkhaqqının artımı artıq Azərbaycanda ənənəvi xarakter daşıyır, haradasa, ildə 1-2 dəfə qaldırılır. Yəqin ki, 2007-ci ildə də bu, nəzərdə tutulmalıdır.

Büdcəmiz artdıqca nəzarət də artmalıdır və maliyyə nizam-intizamı da möhkəmlənməlidir. Bizim büdcəmiz 1 milyard dollar səviyyəsində olanda və xüsusilə sosialyönümlü olanda, əlbəttə ki, nəzarət etmək daha da asan idi. İndi büdcəmiz təxminən 4 milyard 500 milyon dollardır. İcmal büdcə isə 5 milyarddan çoxdur. Gələn ilin büdcəsi daha da böyük olacaq, əlbəttə ki, burada nəzarət də güclənməlidir. Şəffaflıq tam şəkildə təmin olunmalıdır, böyük infrastruktur layihələri büdcə hesabına həyata keçirilir və burada çox ciddi nəzarət olmalıdır.

Biz neft gəlirlərinin saxlanması işində çox böyük işlər görmüşük, çox şəffaf şəkildə Neft Fondu yaranıbdır. Bu işlərə beynəlxalq audit tərəfindən baxılır. Fond şəffaf şəkildə saxlanılır. Elə etməliyik ki, büdcə xərcləri də eyni dərəcədə şəffaf olsun, burada heç bir pozuntulara yol verilməsin və eyni zamanda, ictimai nəzarət güclənməlidir.

2006-cı ildən başlayaraq Azərbaycanda yeni pensiya sistemi fəaliyyətdədir və orta pensiyanın həcmi 21 faiz artıbdır. Bu gün orta pensiya 36 Yeni Azərbaycan Manatı səviyyəsindədir. MDB ölkələri ilə müqayisədə bu, çox yüksək göstəricidir və Azərbaycan burada öndə gedən ölkələrin sırasındadır. Ancaq bu rəqəm bizi qane edə bilməz. 36 manata yaşamaq mümkün deyil. Bunu biz hamımız bilməliyik. Bu, reallıqdır. Əlbəttə imkanlarımız hələ imkan vermir ki, biz istənilən səviyyədə həm pensiya, həm də əməkhaqqı verək. Baxmayaraq ki, bu, ildən-ilə artır və indi Azərbaycanda orta əməkhaqqı 150 dollardır. Bu dinamika çox müsbətdir. Ancaq biz eyni zamanda, imkansız, əlbəttə ki, yoxsulluq şəraitində yaşayan insanların problemlərini həll etməliyik. Ona görə də orta pensiya, minimum pensiya, minimum əməkhaqqı ildən-ilə artmalıdır və çalışmalıyıq ki, bu artım daha da sürətli olsun.

İndi Azərbaycanda ünvanlı sosial yardım göstərilir. Bir müddət bundan əvvəl biz buna başladıq və haradasa, 40 manat məbləğində yardım göstərilir. Mənə verilən məlumata görə, indi 12 min ailə və 50 mindən artıq əhali bu məbləği alır. Burada da, çox ciddi həm nəzarət olmalıdır, həm də uçot olmalıdır, meyarlar gərək daha dəqiq olsun. Biz bilirik ki, ünvanlı sosial yardım almaq üçün müraciət edənlər alanlardan qat-qat çoxdur. Bu, bir tərəfdən onu göstərir ki, yardıma ehtiyacı olan insanların sayı çoxdur, digər tərəfdən onu göstərir ki, normal şəraitdə yaşayanlar da istəyirlər, ondan faydalansınlar.

Mən televiziya vasitəsilə baxıram, bəzi o təbliğat roliklərinə, çox təsirlidir. İmkanı olan ailələr də sıraya düzülürlər ki, o yardımı alsınlar. Dözülməz haldır və bu, olacaq. Biz gərək bunu çox dəqiq meyarlarla, uçotu ilə və əlbəttə ki, bu işlə məşğul olan insanların peşəkarlığı və təmizliyi ilə yoluna qoyaq. Biz bu işə təzə başlamışıq. İlkin təcrübə müsbətdir, gərək bu işi daha da təkmilləşdirək.

Eyni zamanda, bizim üçün növbəti yenilik bu il İpoteka Fondunun yaradılması olmuşdur. Bu da çox müsbət addım olub, çox müsbət praktikadır. Hələ ki, bu fondun fəaliyyətini təhlil etmək bir qədər tezdir. Çünki fəaliyyət təzə başlayıbdır. Ancaq indidən demək olar ki, İpoteka şərtlərinin bəzilərini sadələşdirmək lazımdır. Çünki İpoteka prosesi kütləvi xarakter almalıdır. Biz bu sistemi oradakı faizdən gəlir əldə etmək üçün yaratmamışıq. Biz bunu gənc ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması üçün yaratmışıq. Məndə olan məlumata görə, bəzi gənclər, bəzi insanlar şərtlərin o qədər də məqbul olmadığı üçün bu işdən bəhrələnə bilmirlər. Yenidən baxmaq lazımdır. Yenə də deyirəm, mən bu barədə hələ ki, bir söz demək istəmirəm. Biz hələ ki, təhlil aparmamalıyıq. Bir müddət keçsin, baxaq görək bu iş necə gedir. Amma prinsip etibarilə bu layihə mənim fikrimcə, sadəcə olaraq, sosial xarakter daşımalıdır. Ona görə burada faizlər də aşağı olmalıdır. Elə etməliyik ki, gənc ailələr, imkansız ailələr özlərini mənzil şəraiti ilə təmin edə bilsinlər.

Mən teatr və muzeylərin təmiri ilə bağlı fikrimi burada dedim. Mənim giriş çıxışımdan sonra mədəniyyət və turizm naziri də qeyd etdi. Göstəriş vermişəm ki, Bakının bütün teatr və muzeyləri ən yüksək səviyyədə təmir olunsun. Bilirsiniz ki, vaxtilə rayonlarda 1970-ci illərdə diyarşünaslıq muzeyləri yaradılmışdır. Bəzi yerlərdə artıq onlar bərpa olunub, bəzi yerlərdə hələ ki, olmayıbdır. Bu sahəyə də çox böyük diqqət göstərməliyik. Teatr və muzeylər həm memarlıq baxımından çox əhəmiyyətli binalardır, ona görə gərək biz onları yaxşı vəziyyətdə saxlayaq, eyni zamanda orada ən yüksək xidmət və şərait olmalıdır.

Rabitə və informasiya texnologiyaları naziri texnoloji zonalar haqqında təklif verdi. Mən bunu dəstəkləyirəm. Mən hesab edirəm ki, bunun Azərbaycanda böyük perspektivləri var. Bir də demək istəyirəm ki, neft sahəsindən sonra rabitə və informasiya texnologiyaları sahəsi Azərbaycanda çox sürətlə inkişaf edə bilər.

Ümumiyyətlə, dünyada bu sahə indi ən inkişaf edən sahədir. Çünki inkişaf etmiş ölkələrdə bütün sahələrdə artıq maksimum səmərə səviyyəsinə gəlib çatıblar. Bu sahədə isə böyük perspektivlər var, kəşf olunmamış məqamlar var. Azərbaycan da burada ilk ölkələrdən biri olmalıdır. Xüsusilə nəzərə alsaq ki, dünyanın ən böyük kommunikasiya şirkətləri Azərbaycana böyük diqqət göstərirlər və buraya edilən səfərlər, böyük şirkətlərin rəhbərlərinin səfərləri onu göstərir ki, bu imkanlardan gərək çox səmərəli istifadə edək.

Bütövlükdə, indi Azərbaycanda iqtisadi vəziyyət belədir ki, müxtəlif sahələri inkişaf etdirmək mümkündür. Çünki hamı bilir ki, Azərbaycan iqtisadi baxımdan dünyada ən sürətlə inkişaf edən ölkədir. Hamı bilir ki, Azərbaycanın gözəl gələcəyi var, iqtisadi imkanları var, zəngin neft-qaz yataqları var və dünya bazarlarına çıxışı var. Əlbəttə ki, bu, bütün başqa sahələrdə investisiyaların cəlb edilməsi üçün gözəl şərait yaradıbdır. Sadəcə olaraq, biz gərək səmərəli istifadə edək. Harada lazımdır, orada güzəştlər də yaradılmalıdır.

1994-cü ildə “Əsrin müqaviləsi” imzalananda da orada müəyyən güzəştlər nəzərdə tutulmuşdur. Mənim yadımdadır, o vaxt bəziləri deyirdilər ki, bu güzəştləri etmək lazım deyil. Güzəştləri etməsəydik, heç kim buraya sərmayə qoymazdı. Bu gün nə Bakı-Ceyhan layihəsi, nə də başqası olacaqdı. O güzəştlər ilkin mərhələdə mütləq olmalıdır. Harada ki, bizə investisiyalar lazımdır, mütləq olmalıdır. Bəzi sahələr var ki, indi orada bizə investisiya lazım deyildir. Məsələn, neft-qaz sahəsi. Vaxtilə biz investorlardan xahiş edirdik ki, gəlin vəsait qoyun. İndi bizdən xahiş edirlər. Ona görə bu sahədə artıq heç bir güzəştdən söhbət gedə bilməz. Əksinə, şərtlər daha da sərt olmalıdır. Biz indi bunu edirik. Amma hansı sahələrə investisiya cəlb etmək bizə lazımdır, orada mütləq güzəştlər olmalıdır. Burada heç bir qəbahət yoxdur. Bu, iqtisadi amildir və biz gərək bundan səmərəli istifadə edək.

Kommunal sektorda da islahatların aparılması vaxtı çoxdan gəlib çatıbdır. Bu, təkcə bizim ölkəmiz üçün deyil, bütün MDB ölkələrində ən ağrılı, çətin sahədir. Ancaq deyə bilərəm ki, MDB-nin başqa ölkələri ilə müqayisədə, Azərbaycan burada ən axırıncı yerlərdədir. Çünki MDB zirvə görüşləri çərçivəsində və digər görüşlərdə dövlət başçıları ilə mənim söhbətlərimdə, bu məsələyə də toxunulur. Heç bir ölkədə, heç bir yerdə Azərbaycanda olan vəziyyət yoxdur. Bütün ölkələrdə kommunal ödəmələr haradasa 90-100 faiz səviyəsində yığılır. Neft-qaz hasil edən ölkələrdə də həm enerjinin, həm də qazın qiyməti Azərbaycandakından 3-4 dəfə yüksəkdir. Bəzən deyirlər ki, Azərbaycanda neft-qaz hasil olunur, ona görə bu qiymətlər aşağı olmalıdr. Bizdən daha da çox neft-qaz hasil edən ölkələrdə, başqa ölkələrdə də bu tariflər daha da yüksəkdir. Ona görə biz bu barədə çox danışırıq. Mən də vəzifələr qoymuşam. Düzdür, müəyyən irəliləyiş var, amma bu, bizi tamamilə qane edə bilməz.

Mən bəzi rəqəmləri bir də xatırlatmaq istəyirəm. Rusiyadan 4,5 milyard kubmetr təbii qaz alınır, 500 milyon dollar pul ödənilir. Bununla bərabər, Azərbaycan özü də bir o qədər hasil edir. Əgər onu Rusiyadan aldığımız indiki qiymətlə hesablasaq, - baxmayaraq ki, bu da hələ bazar qiyməti deyil, - bu da təxminən 500 milyon dollardır. Bu, 1 milyard dollar etdi. Əgər biz bu il “Azərenerji”yə verilən 1 milyon ton mazutu satsaq, - halbuki bunu satmaq problem deyil, bu satılan məhsuldur, - 300 milyon dollar təşkil edir. Beləliklə, Azərbaycan dövləti tərəfindən il ərzində veriləcək dotasiya 1 milyard 300 milyon dollar təşkil edir. Bunun müqabilində kommunal tariflər üzrə yığılan vəsait ondan bəlkə 10, 20 dəfə azdır. Bu, dözülməz bir haldır. Heç bir iqtisadiyyat buna dözə bilməz. Ona görə buna son qoyulmalıdır. Özü də ciddi şəkildə.

İndi deyirlər ki, yığılmır, insanlar ödəmirlər. Bəli, belə hallar var, ödəmirlər. Amma bəzi hallarda ödəyirlər. Ancaq ödənilən vəsait yığanın cibinə gedir. Belə hallar da var. Ona görə bu məsələni çox ciddi təftiş etməliyik. Nəzərə alaq ki, bizdə elektrik enerjisinin və qazın qiyməti çox aşağıdır. Mən başqa ölkələrlə müqayisə etmək istəmirəm. Elə bizim qonşularımızla müqayisə edək. Azərbaycanda 1000 kubmetr qazın qiyməti 50 manatdır, qonşu ölkələrdə 200 manatdır. Azərbaycanda bunun 30 faizi yığılır, orada 100 faiz yığılır. Ona görə mən axırıncı dəfə deyirəm və bundan sonra deməyəcəyəm. Bundan sonra tədbir görəcəyəm, ölçü götürəcəyəm. Buna son qoyulmalıdır. Qısa müddət ərzində yığımı təşkil etməlisiniz. Əlbəttə, müddət ərzində və burada tam şəffaflıq təmin olunmalıdır.

İndi sayğaclar quraşdırılır. Uzun illər idi ki, sayğaclar yox idi. Müxtəlif normativlər var idi. Bir dəfə mən xahiş etdim, dedim ki, gətirin, bu normativlərə baxım. O normativləri təhlil etmək üçün bir kompyuter və bəlkə də bir ştat, 3-4 nəfər iqtisadçı lazımdır desin ki, kim nə qədər ödəməlidir. Nə üçün bu normativlər belə tərtib olunur? Yəni o izləri itirmək üçün, yaxud manipulyasiyalar etmək üçün?! Sadə olmalıdır. Hamı bilməlidir ki, nəyin pulunu verir. Pul tələb olunmalıdır, amma məhsul da verilməlidir. Ona görə həm qaz, həm işıq, həm də su sayğacları ilin sonuna qədər quraşdırılmalıdır. Vəsait də ayrılıbdır. Əgər bu şirkətlərin öz imkanları yoxdursa, biz onlara ya kredit şəklində, ya da başqa formada nə lazımdırsa kömək göstərərik. Bütün obyektlər, evlər sayğacla təmin olunmaldır.

Bilirsiniz, bu vəziyyət bir tərəfdən dözülməzdir, ona görə ki, buna dözmək mümkün deyildir. Digər tərəfdən, bu, necə deyərlər, inflyasiyanın qalxmasına təkan verir. İndi maaşlar, pensiyalar artırılır, pul kütləsi bazara daxil olunur. Bu, sonra qayıtmalıdır. Kommunal ödəmələr hesabına o qayıtmalıdır ki, iqtisadiyyatda balans saxlanılsın. Əgər o yığılmırsa, istər-istəməz inflyasiya qalxır. Yənu biz burada hər tərəfdən zərbə alırıq. Həm inflyasiya qalxır, eyni zamanda, vəsait yığılmır.

İndi Neft Şirkəti qazı xaricdən alır, onu “Azərenerji”yə və “Azəriqaz”a pulsuz verir. Özünün hasil etdiyi nefti pulsuz verir. İndi biz istəyirik ki, Neft Şirkəti beynəlxalq güclü şirkət olsun. Belə olan halda o, necə şirkət ola bilər?! Əgər onun “Azəriqaz”dan və “Azərenerji”dən indiki qiymətlə alacağı, yenə də deyirəm, 1 milyardı ötürsə bu, necə güclü şirkət ola bilər?! Buna son qoyulmalıdır, hamı bilməlidir ki, onun məsuliyyəti var. Onsuz da dövlət kömək edir. Mən yenə də deyirəm, əgər biz sırf bazar iqtisadiyyatı prinsiplərini rəhbər götürsəydik, tam başqa vəziyyət olardı, başqa cür olardı. Biz bunu başa düşürük. İnsanların vəziyyətini başa düşürük. Başa düşürük ki, ölkədə yoxsullar var, imkansız adamlar var. Bilirsiniz ki, demişəm, mənim tərəfimdən müəyyən güzəştlər də olunubdur. Amma mən görəndə ki, yığılan pul da xəzinəyə gəlmir, biz buna dözə bilmərik.

Mən bir dəfə Baş Prokurorluğa tapşırıq vermişdim, bu məsələ ilə məşğul olmuşdular və müəyyən nöqsanları üzə çıxarmışdılar. Yenə də deyirəm, ciddi nəzarət edin və qısa müddət ərzində biz burada vəziyyəti sağlamlaşdırmalıyıq.

Ondan başqa, mənə deyirlər ki, bizim kommunal sahə ilə əlaqəli olan səhmdar cəmiyyətləri dövlət vergisini də ödəmirlər. İndi mənə deyirlər ki, “Azərenerji” cəmi 12 faiz, “Azəriqaz” 27 faiz, “Azərsu” 14 faiz ödəyir. Düzdür?

FAZİL MƏMMƏDOV (Vergilər naziri): Bəli, cənab Prezident.

İLHAM ƏLİYEV: Əyləşin. Yəni bu nə deməkdir? Mənə bu məlumatı iki gün bundan əvvəl verdilər. Bu, dözülməz bir haldır. Biz indi özəl sektordan tələb edirik ki, vergini 100 faiz ödəsin. Haqlı olaraq tələb edirik. İri tədiyəçi olan bir sıra səhmdar cəmiyyətləri vergiləri ödəmir. Belə şey olar?! Ümumiyyətlə, siz nə fikirləşirsiniz? Siz hesab edirsiniz ki, ayrı planetdə yaşayırsınız? Qanunlar sizə aid deyil? Bu, dövlət vergisidir. Hər bir vətəndaş, hər bir şirkət onu ödəməlidir. Azərbaycanın bir sıra səhmdar cəmiyyətləri bunu ödəmir. Ciddi nəzarət olmalıdır. Mən bütün aidiyyəti orqanlara tapşırıram ki, daha mən bununla barışmaq fikrində deyiləm və bir aydan sonra mənə rəsmi məlumat verəcəksiniz ki, kim nə qədər ödəyir.

Bütövlükdə vergilərlə bağlı bu gün vergilər nazirinin dedikləri ilə mən də razıyam. Biz gərək vergitutma bazasını genişləndirək. Biz hamımız bilirik ki, vergidən yayınanlar çoxdur. Ticarət obyektləri, şadlıq evləri və digər obyektlərin heç biri vergi ödəmir. Orada işləyənlər yüksək maaş alırlar, bu maaşlar heç bir yerdə qeydiyyatdan keçmir. Belə olan halda konvertdə maaş alırlar. Biz bir müddət buna baxıb, deyirdik ki, məşğulluq olsun, insanlar işlə təmin olunsunlar, biznes davam etsin, genişlənsin. Bu da təbiidir. Bütün ölkələrdə bu var. Yəni hansısa bir sahəni inkişaf etdirmək üçün müəyyən güzəştlər olur. Ancaq bütün bu sahələr artıq çox böyük gəlirlərlə işləyirlər. Onların böyük əksəriyyətində uçot yoxdur, kassa aparatları yoxdur. Belə olan halda, vergidən yayınma kütləvi xarakter alır. Ona görə mən sizə tapşırıq verirəm ki, məsələni ciddi araşdırın, tədbirlər görün və vergidən yayınanları ciddi cəzanlandırmaq lazımdır.

Vergilərə gəldikdə, mən istəyirəm bir məsələni də deyim. Bizdə əlbəttə ki, bu sahədə işlər son zamanlar daha da mütəşəkkil formada aparılır, vergidaxilolmaları artır. Ancaq hesab edirəm ki, indi vaxt gəlib ki, burada da müəyyən bir diversifikasiya aparaq. Misal üçün, bahalı əşyalara tətbiq olunan vergilərə yenidən baxmaq lazımdır. Bahalı əşyaları alan daha da çox vergi verməldir. 50 min dollar, 100 min dollar dəyərində xarici avtomaşınları alırlar. O maşını alan alsın.

Zəngin adam nə qədər çox olsa, ölkə o qədər də zəngin olacaqdır. Ancaq o, vergini daha da çox ödəməlidir. Bu, həm iqtisadi amildir, eyni zamanda, sosial ədalət prinsipidir. Ona görə bu məsələyə də baxın, bunu etmək lazımdır. Oradan əldə olunacaq gəlirlər yoxsulluq şəraitində yaşayanların müavinətinə yönəldilməlidir.

Kommunal sahədən yığılan, əgər o yığılarsa, həmin 1 milyard dolları maaşlara, pensiyalara, müavinətlərə, sosial məsələlərin həllinə yönəldərik. Ona görə yenə də deyirəm, gərək biz bu məsələyə yenidən baxaq. Bu, bir tərəfdən, yoxsulluğun aradan qaldırılmasına kömək göstərəcək, digər tərəfdən, sosial ədalət prinsipi tətbiq olunacaqdır.

Tütün məmulatlarının və spirtli içkilərin uçotu daha da ciddi olmalıdır. Onların vergiləri də yığılmalıdır. Məndə olan məlumata görə, bu sahədə də pozuntular kifayət qədərdir. Məni narahat edən məsələ ondan ibarətdir ki, bizim yerli şərab zavodlarımız tam gücü ilə işləmir. Çünki o, idxalla rəqabət apara bilmir. Baxmaq, idxalı tənzimləmək, bəzi hallarda məhdudlaşdırmaq lazımdır. Azərbaycanda o qədər şərab zavodları var.

Biz indi üzümçülüyü bərpa etmək istəyirik və edirik də. Çox sevindirici haldır ki, kəndlilər artıq üzümçülüyə böyük maraq göstərirlər. Yaxşı, əgər şərab zavodları işləməsə, əgər o məhsulu almasa, biz hansı üzümçülüyü inkişaf etdirəcəyik?! Biz xarici istehsalçını dəstəkləməliyik, yoxsa yerli istehsalçını?! İndi Azərbaycana gətirilən spirtli içkilərin keyfiyyətinə baxmaq lazımdır. Çünki zəhərlənmə halları çoxdur. Mən artıq müvafiq orqanlara bu barədə göstəriş vermişəm. Eyni zamanda, bütövlükdə biz gərək öz bazarımızı qoruyaq.

Azərbaycanda minik avtomobili istehsal olunmur. Ona görə biz burada heç bir əlavə məhdudiyyət qoymamalıyıq. Azərbaycanda şərab və digər spirtli içkilər istehsal olunur. Hər bir ölkə öz daxili bazarını qorumalıdır, öz istehlakçısını müdafiə etməlidir. Həm uçot, nəzarət dəqiq olmalıdır, eyni zamanda, yerli istehlakçılara şərait yaradılmalıdır. Ona görə bu sahəyə ciddi diqqət göstərilməlidir.

Özəlləşdirmə prosesi sürətləndirilməlidir. Burada bir qədər ara verilibdir. Əlbəttə, görülən işlər təhlil olunmalı idi, bu sahədə müsbət məqamlarla yanaşı, mənfi məqamlar da kifayət qədər idi. Ona görə gərək o vəziyyət, bütün nöqsanlar təhlil olunaydı. Ancaq indi vaxt gəlib ki, biz özəlləşdirmə prosesinin yeni mərhələsinə başlayaq, beləliklə, iqtisadiyyatımız daha da sürətlə inkişaf etsin.

Bütövlükdə, özəl sektorun inkişafı hər bir ölkənin, o cümlədən Azərbaycanın ümumi inkişafının təməlində duran amildir. İndi bizdə özəl sektorun ümumi daxili məhsulda həcmi təxminən 75 faizdir, bu, yüksək göstəricidir, daha da çox ola bilər. Bir də özəlləşdirmə, özəl sektorun fəaliyyəti, sahibkarlıq olan yerdə digər xoşagəlməz hadisələr də faktiki olaraq azalır. Nə rüşvətxorluq olur, nə korrupsiya olur. Özəl şirkətdə nə oğurluq var, nə də ki, başqa xoşagəlməz hallar. Ona görə bu, həm iqtisadi, eyni zamanda sosial məsələlərin həlli deməkdir. Biz korrupsiya halları ilə ancaq inzibati üsullarla mübarizə aparsaq, bunun heç bir səmərəsi olmayacaq. Bunu dünya praktikası göstərir. İnzibati üsullar olmalıdır, ciddi nəzarət olmalıdır və mühafizə orqanları burada ciddi iş aparmalıdır. Eyni zamanda iqtisadi amillər də elə olmalıdır ki, korrupsiyaya imkan yaradan amillər aradan qaldırılsın. Onlardan başlıcası isə özəlləşdirmə proqramıdır.

İndi bizim mal dövriyyəmiz artır və belə olan halda, əlbəttə, nağdsız ödəmə sisteminin daha da geniş tətbiq olunması çox böyük əhəmiyyət kəsb edir. O post-terminalların quraşdırılması məsələləri gedir, daha da sürətlə getməlidir. Artıq bu sahədə gözəl praktika da var. İndi bizim pensiyaçılarımız pensiyalarını bu yolla alırlar. İndi gələcəkdə yəqin ki, hamısı alacaq. Bu hələ ki, texniki çətinliklə bağlıdır. Çünki bütün kəndlərdə o aparatları quraşdırmaq hələ mümkün deyil, amma o da olacaqdır. Ona görə bu nağdsız ödəmə sisteminin tətbiq olunması da, əlbəttə, bizim işimizi daha da yüngülləşdirəcəkdir.

Bir sözlə, demək istəyirəm ki, indi Azərbaycan iqtisadi cəhətdən çox sürətlə inkişaf edən ölkədir. Bunu həm beynəlxalq maliyyə qurumları etiraf edir və bu reallıqdır, bizim gerçəyimizdir. Əlbəttə, onu da bilirik ki, biz gələcəkdə iqtisadi cəhətdən daha da güclü olacağıq. 2008-ci ildə Azərbaycandan 50 milyon ton neft ixrac olunacaq, ondan sonra qaz ixracı başlanacaq. İndi görülən işlər nəticəsində yeni yaradılacaq sənaye müəssisələri işə başalayacaq. Yəni çox böyük iqtisadi imkanlar olacaq. Amma bütün bu imkanlar bizi arxayınlaşdırmamalıdır. Bilirəm, bəzi hallarda, hərdənbir belə fikirlər səslənir ki, neftimiz, qazımız var, pulumuz olacaq. Elə işləmək olmaz. Mən bir daha deyirəm ki, neft-qaz sektorunu kənara qoyuruq. Bu, iqtisadiyyatımız üçün çox böyük dəstəkdir, bizi əmin edir, gücləndirir. Bütün diqqəti qeyri-neft sektorunun inkişafına, bir də ki, iqtisadiyyatda səmərəliliyin artmasına yönəltməliyik. Harada ki, çatışmayan cəhət var, o aradan qaldırılmalıdır. Harada ki, bizi qane etməyən məsələ var, aradan qaldırılmaldır. Elə məsələ var ki, bir gündə həll oluna bilər, elə məsələ var ki, bunun həlli üçün bir müddət lazımdır. Hər halda bütün bu istiqamətlərdə hökumət çox fəal işləməlidir. Yenə də deyirəm, arxayınçılığa yol vermək olmaz. Uğurlarla, ancaq öyünməklə bizim işimiz getməyəcək. Biz hər şeyi deməliyik, uğurları da, nöqsanları da, çatışmayan cəhətləri də - hər şeyi. Belə olan halda, işimiz daha da səmərəli olacaqdır.

Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunub

Azərbaycan nefti 99 dollara satılır

Göyçayda taxıl biçininə başlanılıb

“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir

Oğuzda fermer və sahibkarlarla müzakirələr aparılıb, təkliflər dinlənilib

Şəkidən Karaqandaya: diplomatiya yolunu seçən azərbaycanlı tələbənin hekayəsi

“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər

İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib

NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib

Kuril adaları yaxınlığında 5 bal gücündə zəlzələ baş verib

ABŞ Prezidenti: İran raket arsenalının 21-22 faizini qoruyub saxlayır

Tədqiqat: Manqrov meşələri bərpa olunur

Türkiyənin Rəqabət Şurası “Meta” şirkəti ilə bağlı araşdırmaya başlayıb

Tramp: İran məsələsini çox tez bir zamanda həll etməliyik

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı radar məntəqələrinə zərbələr endirib

İsveçdə seçkilər ərəfəsində miqrasiya mövzusu yenidən ön plana çıxır

Pentaqon: Avropa təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır

HƏMAS nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Misirə gəlib

Almaniya və Fransa liderləri Avropa İttifaqının tezliklə genişləndirilməsinin tərəfdarıdırlar

ABŞ İran futbolçularına Dünya Kuboku üçün viza verib

Türkmənistanda “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı olub

Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub

Qəbələdə fermerlər və kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüş olub

Qara dənizdə Türkiyə bayrağı altında üzən balıqçı gəmisinə hücum olub: 1 ölü, 4 yaralı

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib

Heydər Əliyev Sarayında Səməd Vurğunun yaradıcılığına həsr olunan ədəbi-bədii tədbir

Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib

Türkiyədə “Qarabağdan Çanaqqalaya: Türkün zəfər yolu” layihəsi çərçivəsində ustad dərsi

Putin Zelenski ilə mümkün görüş barədə danışıb

“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib

Vladimir Putin iri şirkətlərin Moskvadan regionlara köçürülməsinin vacibliyini bəyan edib

Fidan Hacıyeva: Ardıcıl ikinci ildir ki, Azərbaycanı Vyetnamda qürurla təmsil edirəm

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir

Türkiyənin ticarət naziri proteksionizmdən imtina etməyə və azad ticarəti dəstəkləməyə çağırıb

Almaniya, Fransa və Böyük Britaniya liderləri bazar günü Londonda Ukrayna Prezidenti ilə görüşəcəklər

Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq

Millinin minifutbolçusu: Avropa çempionatında minimum hədəfimiz finala yüksəlmək idi

MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Bu saata olan əsas xəbərlər

Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub

Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb

Ekspert: BƏƏ-Azərbaycan layihələri enerji sahəsində tərəfdaşlığın inkişafı üçün möhkəm əsas yaradır

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Uşaqlar UNEP-in icraçı direktoruna praktik ekoloji həllər təqdim etdilər

Ədirnə Biennalesində azərbaycanlı rəssamın əsərləri sərgilənir 

İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlər məşğulluq və sosial dəstək tədbirləri ilə əhatə olunublar

Tullantıların içərisindən tapılan dəmir pullar uşaqları sevindirib

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Hidrogen enerjisi BƏƏ-Azərbaycan enerji tərəfdaşlığının növbəti mərhələsi ola bilər – RƏY

Yaponiya səfirliyi: ADA Universitetində keçirilən festivalda iştirak humanitar əlaqələri gücləndirir

Rusiyalı mütəxəssis: Xəzərin enməsi prosesi davam edəcək

Çin şirkətləri Azərbaycanın iqtisadi potensialı və işgüzar mühiti barədə məlumatlandırılıb

Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb

Regionlardakı təcili tibbi yardım bölmələrinə 25 yeni ambulans və reanimobil təhvil verilib

ADSEA nümayəndəsi: Xəzərin bir neçə metr aşağı düşməsi daha mürəkkəb problemlərə səbəb olacaq

® “Azercell” IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellektəsaslı həllərini təqdim edib

Azərbaycanın UFC döyüşçüsü: Mən yalnız zirvə üçün çalışıram

Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovadan

Elnur Səfərov: Dənizin səviyyəsinin azalması prosesi bizi qabaqlayır

Laçında “Yeni yaşayış məhəlləsi” salınır: layihə yüzlərlə iş yerinin yaranmasına töhfə verəcək VİDEO

Laçında “Yeni yaşayış məhəlləsi” salınır: layihə yüzlərlə iş yerinin yaranmasına töhfə verəcək VİDEO

Portuqaliya Respublikasının Prezidenti Antoniu Joze Sequrudan

Xəzər dənizində səviyyə dəyişikliklərinin səbəbləri və regional əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb

Tullantıların idarə olunması sektoru dünyada metan emissiyalarının üçüncü ən böyük mənbəyidir

ÜST-nin nümayəndəsi: İnsanlar ətraf mühit və ya iqlim dəyişikliyi onların sağlamlığına təsir göstərdiyi zaman hərəkətə keçirlər

Ukrayna PUA-ları Mariupol və Berdyansk limanlarında, həmçinin Krım sahillərində beş gəmiyə zərbə endirib

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb YENİLƏNİB VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb YENİLƏNİB VİDEO

ADA Universitetində keçirilən beynəlxalq festivalda Rusiyanın xalq sənətkarlığı təqdim olunub

Ekspert: Su səviyyəsinin 5 metr enməsi Xəzər suitilərinin çoxalma sahələrinin 57-81 faizinin itirilməsinə səbəb ola bilər

Badamdarda açıq ərazidə yanğın olub, tikililər və kommunikasiya xətləri yanğından mühafizə edilib VİDEO

Badamdarda açıq ərazidə yanğın olub, tikililər və kommunikasiya xətləri yanğından mühafizə edilib VİDEO

“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub

Misirdəki dostluq cəmiyyəti xalqlar arasında humanitar və mədəni əlaqələri daha da möhkəmləndirməyə çalışır

Qlobal neft nəhənglərinin ümumi mənfəəti 2022-ci ildən bəri ilk dəfə ikirəqəmli artım nümayiş etdirib

Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir

Britaniyada süni intellekt vasitəsilə hazırlanmış ilk vaksin insanlar üzərində sınaqdan keçirilir

Bakıxanov qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb

Coğrafiyaşünas-alim: Yüksəkriskli zonaların rəqəmsal xəritələri hazırlanmalıdır

Türkiyədən olan şəhid ailələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə Texniki Komitə yaradılıb

AQTA: Qida məhsullarının izlənilməsi təmin edilməlidir

Araz Aslanlı: Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilməsi Azərbaycanın uzunmüddətli strateji baxışının nəticəsidir

Azərbaycan regional sabitlik və iqtisadi inteqrasiyanın əsas təşəbbüskarlarından biridir ŞƏRH

Yerli startapın kibermaarifləndirmə məhsulu IV Milli Kibertəhlükəsizlik Forumunda təqdim olunub - Açıqlama

Gəncədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb

Gənc rəssam Zeynəb Babayeva: Mənim hər bir əsərim heyvanlara sevgidən irəli gəlir

“Qida təhlükəsizliyi: Gözlənilməz hallara hazırlıq” - Beynəlxalq seminar

Türk ekspert: BTQ dəmir yolu xətti regional nəqliyyat sisteminin ayrılmaz hissəsinə çevrilmiş strateji təşəbbüsdür

Nişantaşı Universitetinin professoru: Nəqliyyat marşrutları arasında Orta Dəhlizin imkanları getdikcə güclənir

® Mərkəzi Gömrük Hospitalının cərrahı III Beynəlxalq Türkdilli Ölkələrin Tibb Konqresində və Endoforum 2026-da çıxış edib

İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub

Ədliyyə naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb

Premyer Liqaya yüksələn komandanın yeni baş məşqçisi açıqlanıb

Mütəxəssis: İnsanların rifahı və iqtisadi fəaliyyəti sağlam ekosistemlərdən asılıdır

TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurası maliyyə sektorunun inkişafında daha sıx iqtisadi əməkdaşlığı təşviq edir