Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEKUN NİTQİ

-Bu gün səslənən çıxışlarda həm görülmüş işlərə qiymət verildi, bizim gördüyümüz işlər təhlil olundu, eyni zamanda, mövcud problemlər də qeyd edildi. Bu, çox vacibdir. Çünki, ilk növbədə, əlbəttə ki, görülən bütün işlərə düzgün qiymət verilməlidir. Ancaq bununla bərabər, müşavirənin əsas məqsədi növbəti illərdə görəcəyimiz işlər haqqında fikir mübadiləsi aparmaq, məsələləri araşdırmaq və düzgün qərarlar qəbul etməkdir.

Deyə bilərəm ki, qaçqınların və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə 2004-cü ildə qəbul edilmiş Dövlət proqramının icrası bütövlükdə təmin olunubdur. Məhz buna görə indi ehtiyac yaranıb ki, bu proqrama əlavələr edilsin. Düzdür, biz proqramı qəbul edəndə orada hansısa bir vaxt çərçivələri qoymurduq. Hesab edirdik ki, bunu işin gedişatı göstərəcəkdir. Ancaq, eyni zamanda, əlbəttə, istəyirdik ki, maksimum qısa müddət ərzində proqramın əsas məsələləri öz həllini tapsın. Mən çox şadam ki, çox qısa müddət ərzində, cəmi üç il ərzində faktik olaraq, proqramın bütün müddəaları həyatda öz əksini tapıbdır. Bu məsələlər bu gün səslənən çıxışlarda, burada nümayiş etdirilən stendlərdə, fotoşəkillərdə səslənən rəqəmlərdə də öz əksini tapdı.

Doğrudan da, qısa müddət ərzində çox böyük işlər görülübdür. Onlarca yeni qəsəbə salınıbdır. On minlərlə soydaşımız öz yaşayış səviyyəsini yaxşılaşdırmışdır. 70 min nəfər artıq müasir, yeni qəsəbələrdə yaşayır və ilin sonuna qədər istifadəyə veriləcək qəsəbələrdə də təxminən 20 min nəfər məskunlaşacaqdır.

Məni sevindirən odur ki, işğal altında olan, əhali baxımından ən böyük rayonlar arasında Ağdam və Füzuli rayonlarında əhalinin böyük bir hissəsi öz rayonlarının ərazisində məskunlaşmışdır. Burada verilən məlumata görə, Ağdamda 85 min, Füzulidə isə 60 min nəfər yaşayır və növbəti mərhələdə daha 10 min insan məskunlaşacaqdır. Bu, çox gözəl göstəricidir. Bu, bizim arzularımızın təzahürüdür. Mən istəyirdim ki, işğaldan azad olunmuş rayonlara məhz vaxtilə orada yaşamış insanlar qayıtsınlar. Düzdür, onların hamısı öz kəndlərinə qayıda bilmir, çünki o kəndlər işğal altındadır, amma yenə də ağdamlılar Ağdamda məskunlaşır, Füzulidən olanlar Füzulidə məskunlaşır və artıq bu böyük sosial problemlərin bir hissəsi öz həllini tapır.

Çadır şəhərciklərinin ləğvi böyük tarixi nailiyyətdir. Burada qeyd olundu ki, 1992-93-cü illərdə antimilli iqtidar tərəfindən salınmış və uzun illər ərzində insanlar üçün yaşayış məntəqəsinə çevrilmiş çadır şəhərciklərinin yaranması Azərbaycan xalqına çox böyük təhqir olmuşdur. Azərbaycan xalqına hörmətsizliyin əlaməti olmuşdur, mənfi münasibətin əlaməti olmuşdur. Mən hesab edirəm ki, çadır şəhərciklərinin Azərbaycan tarixindən silinməsi çox böyük göstəricidir. Qısa müddət ərzində, 3-4 il ərzində biz buna nail oluruq. Bundan sonra yaşayış üçün o qədər də yararlı olmayan digər yerlərdən də biz soydaşlarımızı normal qəsəbələrə köçürməliyik.

Hesab edirəm ki, müşavirənin nəticəsi kimi yeni sərəncam imzalanmalı və Dövlət proqramına əlavələr edilməlidir. Bu gün səslənən bütün təkliflər, bütün fikirlər o proqramda öz əksini tapmalıdır. İlk növbədə, qlobal məsələlər ki, onların haqqında Əli Həsənov danışmışdır. Fin tipli qəsəbələrdə 25 min insan yaşayır. Onlar ləğv olunmalıdır və orada yaşayan 25 min məcburi köçkün üçün yeni qəsəbələr salınmalıdır. Bu, proqrama əlavələrdə öz əksini tapmalıdır.

262 məktəbdə 11 min köçkün yaşayır. Onlar da oradan çıxmalıdırlar, çünki bunlar yararsız vəziyyətdə olan məktəblərdir. Onlar üçün də yeni qəsəbələr salınacaqdır. Məktəblərə baxmaq lazımdır, əgər onlar təmir oluna bilərsə, təmir edərik, əgər yox, yararsız vəziyyətdədirsə, onda sökülüb onların yerində yeni məktəblər tikilməlidir. Müdafiə Nazirliyinin hərbi hissələrində məskunlaşmış 6 min insan da yeni qəsəbələrə köçürülməlidir.

Bizi ən çox narahat edən məsələ 239 yataqxanada on minlərlə insanın yaşamasıdır. Bu, çox böyük problemdir və buna da baxmaq lazımdır. O yataqxanalar ki, bərpa oluna bilər, orada təmir işləri aparılmalıdır. Harada ki, təmir etmək mümkün deyil, fikirləşməliyik, köçkünləri başqa yerlərə köçürməliyik. Biz bunu həll etsək, demək olar ki, yaşayış problemlərinin əsas hissəsi öz həllini tapacaqdır. Digər tərəfdən, icra hakimiyyəti başçıları tərəfindən qaldırılmış məsələlərə də biz böyük diqqətlə yanaşmalıyıq. Artezian quyularının qazılması, yolların salınması, qaz xətlərinin çəkilməsi və digər məsələlər.

Füzuli rayonu icra hakimiyyətinin başçısı tərəfindən verilən təklifi də mən dəstəkləyirəm. Horadiz qəsəbəsinə şəhər statusu verilməlidir. Müvafiq qərar layihəsi hazırlansın. Burada qeyd olunduğu kimi, Füzuli rayonunda yeni müasir müalicə-diaqnostika mərkəzi də tikilməlidir. Bu barədə mən bir müddət bundan əvvəl bütün göstərişləri verdim. Müalicə-diaqnostika kompleksinin təməl daşının qoyulması üçün təşkil olunacaq mərasimdə şəxsən iştirak edəcəyəm.

Səhiyyə Nazirliyinə göstəriş verirəm ki, ciddi xəstəliklərə düçar olmuş insanlara kömək göstərilsin. Əgər Azərbaycanda onlara kömək göstərmək mümkün deyilsə, fikirləşmək lazımdır, onları başqa ölkələrə göndərmək lazımdır. Yeni salınmış qəsəbələrdə, - indi mən bu şəkillərdən də görürəm, ondan sonra məlumat da verilmişdir, - çox böyük işlər aparılır. Yəni o ərazilər abadlaşır, ağaclar əkilir, əkin sahələri yaradılır. İnsanlar kənd təsərrüfatı ilə məşğul olurlar və yaşayış üçün lazım olan vəsaiti əldə edirlər.

Amma bununla bərabər, o qəsəbələrdə kiçik müəssisələrin yaradılması da çox vacib olardı. Çörək sexləri, meyvə-tərəvəz emalı müəssisələri, süd sexləri yaradılmalı, yəni məşğulluq üçün və əlavə qazancın əldə edilməsi üçün lazımi olan tədbirlər görülməlidir. Sahibkarlığa Kömək Milli Fondundan kreditlər ayrılmalıdır. İqtisadi İnkişaf Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə bu məsələlərə baxsınlar və lazımi təkliflər versinlər ki, bunlar da Proqrama daxil olunsun.

Bildiyiniz kimi, hər bir məcburi köçkünə aylıq yemək xərcləri verilir. 2004 və 2006-cı illərdə o məbləğlər artırılmışdır. Əvvəlcə 5 manatdan 6 manata, ondan sonra 6 manatdan 9 manata çatdırılmışdır. Hesab edirəm ki, biz buna yenidən baxmalıyıq. Maliyyə Nazirliyinə göstəriş verirəm ki, o məbləğ də artırılsın. O böyük məbləğ deyil, amma hər bir vətəndaşa verilir. Misal üçün, 5-6 nəfərdən ibarət olan ailəyə hazırda hər ay haradasa 50-60 manat əlavə vəsait verilir. Əgər biz bu məbləği artırsaq, - hesab edirəm ki, bunu ciddi şəkildə artırmaq lazımdır, - hər bir ailə üçün kifayət qədər yaxşı maddi dəstək olacaqdır.

Bütövlükdə, bir daha demək istəyirəm ki, Dövlət proqramının qəbul olunması çox mühüm və tarixi bir hadisə idi. Onun uğurla icra olunmasında həm Dövlətqaçqınkom, həm də aidiyyəti idarələr, nazirliklər, icra hakimiyyətinin başçıları fəal iştirak etmişlər. Ümid edirəm ki, növbəti illərdə qarşıya qoyduğumuz məsələlər də öz həllini tapacaq və işğaldan əziyyət çəkmiş insanlar daha da yaxşı yaşayacaqlar.

Amma onu da bilməliyik ki, bunlar müvəqqəti tədbirlərdir. Mən əminəm ki, torpaqlarımız işğalçılardan azad olunandan sonra biz həmin ərazilərdə böyük işlər görəcəyik. Orada bütün infrastrukturlar, bütün binalar dağıdılıbdır. Bunu həm oraya gedən insanlar, eyni zamanda, beynəlxalq müşahidəçilər deyirlər. Bir müddət bundan əvvəl ATƏT-in faktaraşdırıcı missiyası işğal olunmuş bölgələrə səfər etmişdir. Onların hazırladığı məlumatda və məruzədə açıq şəkildə göstərilmişdir ki, orada bütün infrastruktur dağılıbdır. Erməni vandalları orada talançılıqla məşğul olurdular. Onlara lazım olan bütün şeyləri oradan oğurlamışlar, dağıtmışlar, qalan binaları da dağıtmışlar. Ona görə böyük təmir-bərpa, yenidənqurma lazımdır. Faktik olaraq, biz bu qəsəbələri, şəhərləri yenidən yaratmaq üçün bütün gücümüzü səfərbər etməliyik və bunu edəcəyik. Bizim iqtisadi imkanlarımız buna imkan verir. Növbəti illərdə Azərbaycan zəngin ölkəyə çevriləcəkdir. Əminəm ki, biz torpaqlarımızı işğaldan azad edəndən sonra qısa müddət ərzində o rayonlarda da bütün lazımi infrastrukturu yaradacağıq.

O ki qaldı danışıqlar prosesinə, mən bu barədə vaxtaşırı xalqa məlumat verirəm və öz fikirlərimi çatdırıram. Burada qeyd olundu ki, son dəfə Ramanada qəsəbənin açılışında danışıqlar prosesi haqqında öz fikirlərimi demişəm. Bir də demək istəyirəm ki, danışıqların gedişatı bütövlükdə müsbət istiqamətdə davam edir. Üç ildən bir az çoxdur ki, mən bu məsələ ilə bilavasitə məşğul oluram.

Deyə bilərəm ki, danışıqlar prosesində çox böyük irəliləyiş əldə edilmişdir. Bu, həqiqətdir və onu da deyə bilərəm ki, Azərbaycan maraqlarını təmin edən istiqamətdə irəliləyiş müşahidə olunur. 2003-cü ilin sonunda və 2004-cü ilin əvvəlində danışıqlarda ancaq bir neçə işğal olunmuş rayonun azad edilməsi haqqında söhbət aparılırdı. İlk mərhələdə dörd rayondan söhbət gedirdi. Ondan sonra artıq beş rayondan söhbət gedirdi. Amma bu da bizi heç vaxt qane edə bilməzdi. Baxmayaraq ki, o mərhələlərdə beynəlxalq müşahidəçilər, beynəlxalq vasitəçilər hesab edirdilər ki, beş rayonun qaytarılması ilə məsələ öz həllini tapa biləcək. Hətta təəccüb edirdilər ki, nə üçün Azərbaycan tərəfi buna razı olmur? Nə üçün İlham Əliyev beş rayonun qaytarılmasına razılıq vermir? Hətta mənə izah etməyə çalışırdılar ki, bu, böyük bir nailiyyət olacaq və beş rayonun qaytarılması özlüyündə böyük hadisə olacaqdır. Həqiqətən də belədir, müharibəsiz, dinc yolla beş rayonu qaytarmaq - əlbəttə, kim bunu istəməz? Ancaq nəyin bahasına?! Məsələ bundadır! Dağlıq Qarabağa müstəqilliyin verilməsi bahasınamı? Biz heç vaxt buna getməyəcəyik! Yaxud da, tutaq ki, beş rayonu qaytardıq. Bəs, Kəlbəcər, Laçın nə olacaq?! Bəs Şuşa nə olacaq?! Məsələ bundadır. Ona görə, mən hesab edirəm ki, bizim mövqeyimiz çox düzgün mövqedir. Baxmayaraq, biz hamımız başa düşürük ki, işğal olunmuş ərazilərdə əhalinin ən böyük hissəsi məhz o beş rayonda cəmləşibdir. Beş rayonun qaytarılması, demək olar ki, köçkünlərin sosial problemlərinin həlli deməkdir. Bunu da biz bilirik.

Ancaq yenə də deyirəm, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, bütün işğal olunmuş rayonlar Azərbaycana qayıtmalıdır. Danışıqlar nəticəsində, çox çevik diplomatik səylər nəticəsində, siyasi addımlar nəticəsində və əlbəttə, Azərbaycanın son 3-4 il ərzində güclənməsi nəticəsində artıq danışıqların müəyyən mərhələsində altı rayondan söhbət getməyə başladı. Yalnız Laçın rayonunu ermənilər, elə bil ki, girov kimi saxlamaq istəyirdilər. Ancaq biz buna da getmədik. Baxmayaraq, bu, böyük bir irəliləyiş idi. Biz haradan başlamışıq, haraya gəlmişik.

Onu deyə bilərəm ki, bu danışıqların bütün xronologiyası, bütün təfərrüatı Minsk qrupunun həmsədr ölkələri tərəfindən qeydə alınır. Amma buna baxmayaraq, biz yenə də öz səylərimizi göstərdik və ilk növbədə, həmsədr olan ölkələrin rəhbərliyinə izah etməyə müvəffəq olduq ki, Azərbaycanın bütün rayonları işğalçılardan azad edilməlidir. Əks təqdirdə, istənilən sülh müqaviləsinin ömrü uzun olmayacaqdır. Sülh müqaviləsi elə olmalıdır ki, o, ədalətli olsun. Ədalət bərpa edilməlidir. Beynəlxalq hüquq normaları öz yerində, bütün beynəlxalq davranış normaları öz yerində, amma, eyni zamanda, ədalət bərpa olunmalıdır. Ədalət bərpa olunmasa, imzalanacaq o saziş hər an pozula bilər.

Ona görə müəyyən mərhələdə Minsk qrupu tərəfindən bizim təkidimizlə verilən təkliflərdə artıq yeddi rayonun işğalçılardan azad olunması məsələləri öz həllini tapmağa başladı. Amma o da bizi qane etmir. Çünki aydındır ki, Dağlıq Qarabağın inzibati ərazilərindən kənarda yeddi rayon yerləşir. Ancaq Dağlıq Qarabağın inzibati ərazisinin içində Şuşa şəhəri yerləşir. Nizami Bəhmənov burada ulu öndərin sözlərini çox yaxşı xatırlatdı. Şuşasız Dağlıq Qarabağ probleminin həlli mümkün deyildir. Bu, bizim qətiyyətli mövqeyimizdir, bunu Ermənistan tərəfi də bilir, həmsədr ölkələr də bilir. Bu bizim mövqeyimizdir - azərbaycanlılar Şuşaya qayıtmalıdırlar.

Bir sözlə, münaqişədən əvvəl kim harada yaşayıbsa, oraya da qayıtmalıdır. Biz demirik ki, ermənilər kimi durub etnik təmizləmə siyasəti aparaq, erməniləri Dağlıq Qarabağdan qovaq. Baxmayaraq ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Biz deyirik ki, vətəndaşlarımız öz doğma torpaqlarına qayıtsınlar. Ermənilər Xankəndidə yaşayıblar, orada da yaşasınlar. Biz buna etiraz etmirik. Azərbaycanlılar isə Şuşada yaşayıblar, Kəlbəcərdə, Laçında və başqa rayonlarda yaşayıblar. Onlar oraya qayıtmalıdırlar. Əgər biz sülh müqaviləsi bağlamaq istəyiriksə, sülh müqaviləsi o deməkdir ki, artıq müharibə sona çatır, sülh yaranır. Tarixdən bilirik ki, ölkələr bir-biri ilə uzun illər ərzində müharibə şəraitində olublar, dava aparıblar, böyük itkilər veriblər. Amma sonra barışıblar, sülh müqaviləsi bağlayıblar və ondan sonra normal münasibətlər də mümkündür.

Hətta İkinci Dünya müharibəsində hər iki tərəfdən 50 milyondan artıq insan həlak olubdur. Amma bir neçə ildən sonra, 10-15 ildən sonra müharibədə ən fəal iştirak edən Sovet İttifaqı ilə Almaniya Federativ Respublikası bir-biri ilə münasibətləri yaxşılaşdırıb və indi bir çox hallarda vahid mövqedən çıxış edirlər. Tarix bizə bunu öyrədir. Əfsuslar olsun ki, Ermənistanın rəsmi siyasəti məhz sağlam olmayan əsaslar üzərində qurulubdur. Onlar öz təbliğatını azərbaycanlılara qarşı aparırlar və gənc nəsli də bu ruhda tərbiyə edirlər. Təsadüfi deyil, Ermənistan, bəlkə də, Avropada yeganə ölkədir ki, monodövlətdir. Orada heç bir başqa millət yaşamır, yaşaya bilmir, yəqin ki, o şəraitə dözə bilmir.

Ona görə həm beynəlxalq hüquq normaları, həm də ədalət bərpa olunmalıdır və biz münaqişənin həlli yollarını bu istiqamətdə görürük. Birinci və ən əsası, Dağlıq Qarabağ heç vaxt müstəqil dövlət olmayacaqdır. Bu, bizim prinsipial mövqeyimizdir. Bu, dəyişməz olaraq qalır və qalacaqdır. Artıq bu tezis bütün beynəlxalq aləm tərəfindən qəbul olunur. Halbuki deyə bilərəm ki, - lap dərinə getmək istəmirəm,- bu, heç də hər zaman belə deyildi. Başqa təkliflər də olmuşdu, bəzi hallarda təzyiqlər də olmuşdu ki, Dağlıq Qarabağa müstəqillik verilməlidir, onlar nə vaxtsa öz müstəqilliyinə nail olmalıdırlar. Heç vaxt olmayacaqlar! Heç vaxt - nə bu gün, nə sabah, nə yüz ildən sonra. Danışılan mövzu da ondan ibarətdir ki, müzakirə predmeti olan sənəddə Dağlıq Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur və olmayacaqdır.

O ki qaldı xalqların öz müqəddəratını təyin etməsinə, mən bunu dəfələrlə demişəm və bir də demək istəyirəm ki, erməni xalqı öz müqəddəratını təyin edib, onların öz Ermənistan dövləti var. Hansı ki, Azərbaycanın tarixi torpaqlarının üzərində qurulubdur və Azərbaycan ikinci erməni dövlətinin yaradılmasına heç vaxt razılıq verməyəcəkdir.

Dağlıq Qarabağda yaşayan insanlara, ermənilərə və oraya qayıdacaq azərbaycanlılara yüksək özünüidarə statusu verilə bilər. Bu barədə də danışıqlar zamanı bütün mərhələlərdə - 1990-cı illərdə, indiki zəmanədə dəfələrlə Azərbaycan rəhbərliyi öz sözünü demişdir. Dünyada və Avropada olan ən yüksək muxtariyyət statusu öyrənilə bilər, - daha doğrusu, biz bunu bilirik, - və tətbiq oluna bilər. Əgər belə bir razılaşma variantı olarsa, əlbəttə ki, biz buna hazırıq, biz buna gedəcəyik və Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, eyni zamanda, nəhayət, bölgədə sülh yaranacaq və iki ölkə arasında gələcəkdə münasibətlər normallaşa bilər.

Mən qeyd etmək istəyirəm ki, bu prinsiplər bizim üçün dəyişməz olaraq qalır və qalacaqdır. Burada heç bir dəyişiklik mümkün deyil və olmayacaqdır. Bölgədə vəziyyət dəyişir, dünyada vəziyyət dəyişir. Beş-altı il bundan əvvəl Ermənistanla Azərbaycan arasında, bəlkə də, həm iqtisadi potensialda, həm də hərbi hazırlıq səviyyəsində o qədər də böyük fərq yox idi. Düzdür, Ermənistan bunu daha çox xarici ianələr hesabına, Azərbaycan isə öz xalqının istedadı ilə, gücü ilə əldə etmişdi. Amma reallıq bundan ibarət idi. Amma indi bu tarazlıq tamamilə pozulubdur. İqtisadi göstəricilərə baxmaq kifayətdir ki, hər kəs onu görsün: Azərbaycan iqtisadiyyatının həcmi nə qədərdir, Ermənistan iqtisadiyyatının həcmi nə qədərdir. Azərbaycanın iqtisadiyyatı tam müstəqil iqtisadiyyatdır və eyni zamanda, bu, imkan verir ki, müstəqil siyasət aparaq. Ermənistanın iqtisadiyyatı asılı iqtisadiyyatdır. Onlar başqa ölkələrdən çox böyük dərəcədə asılıdırlar. Əlbəttə ki, bu, ümumi siyasi proseslərə də öz təsirini göstərir. Yəni, bu onların seçimidir. Bir var ölkə müstəqilliyə qovuşur və müstəqilliyi qoruyur, möhkəmləndirir və bunu hər şeydən üstün tutur. Bir də var ki, ölkə müstəqilliyə qovuşur və müstəqillik onlar üçün o qədər də böyük əhəmiyyət kəsb etmir, başqa ölkələrin təsiri altına düşür, yaxud da başqa ölkələrin iradəsi ilə idarə olunur. Hər bir xalqın öz seçimi var.

Ancaq bununla bərabər, bu gün bizim aramızda o tarazlıq yoxdur. Hərbi sahədə biz tam hazırıq ki, öz doğma torpaqlarımızı işğalçılardan azad edək. Bundan sonra da hazırlaşacağıq, hərbi qüdrətimizi daha da artıracağıq və elə edəcəyik ki, bizim ordumuz Ermənistanın ordusundan on dəfə güclü olsun. Bu vəzifə qoyulub və biz buna nail olacağıq. Bizim gördüyümüz işlərin tarixi də göstərir, qarşıya hansı vəzifəni qoyuruqsa, onu da həll edirik.

Vaxtilə mən deyəndə ki, bizim hərbi xərclərimiz bir milyard dollar olacaq, bəziləri buna inanmırdı. Amma indi bu reallıqdır və bu da son hədd deyildir. Biz həm peşəkarlığı artırırıq, hazırlığı artırırıq, həm də maddi-texniki bazanı artırırıq və hazırlaşırıq. İqtisadi sahədə, siyasi cəhətdən Azərbaycan bölgənin aparıcı ölkəsidir. Hamı bunu etiraf edir. Azərbaycan böyük ölkələrlə bərabərhüquqlu münasibətlər qura bilib, biz öz enerji siyasətimizi aparmaqla bölgənin və Avropanın enerji təhlükəsizliyinə töhfəmizi verməyə başlayırıq. Yerləşdiyimiz bölgədə gedən proseslərə bizim çox böyük dərəcədə təsir etmək imkanlarımız var.

Əsas məsələ, bir nömrəli problem, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həlli, Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır. Bu, birinci problemdir. Bu problemi həll etmək üçün nə lazımdırsa, onu da edəcəyik.

Son dörd il ərzində biz büdcəmizi təxminən, yeddi dəfə artırmışıq, daha da artıracağıq. Nə qədər vəsait lazımdırsa ayırmalıyıq, nə qədər səfərbərlik lazımdırsa, bunu etməliyik ki, bu problemi həll edək. Mən şübhə etmirəm ki, biz buna nail olacağıq. Ölkəmizin ümumi iqtisadi inkişafı, siyasi proseslər, ölkədaxili sabitlik, iqtisadi islahatlar, siyasi islahatlar, beynəlxalq mövqelərimizin möhkəmlənməsi, enerji amilinin ön plana, dünya gündəliyinə çıxması - bütün bu amillər bizim xeyrimizədir.

Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars layihələri bölgədə vəziyyəti tamamilə dəyişibdir və bu dəyişmədən ən çox siyasi və iqtisadi qazanc əldə edən ölkə Azərbaycandır. Biz bu layihələrin təşəbbüskarı olmuşuq. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bütün bunlar mümkün olmuşdur. Biz isə bu gün əldə edilmiş uğurları daha da möhkəmləndiririk.

Mən hesab edirdim ki, indiki tərkibdə bu məsələlərə bir daha aydınlıq gətirim. Düzdür, bizim mövqeyimiz xalq üçün tanışdı. Yenə də deyirəm, bir neçə dəfə bu barədə mən xalqa müraciət etmişəm, öz sözlərimi demişəm. Hesab edirəm ki, bu gün də buna ehtiyac var ki, həm ictimaiyyət bilsin, həm də bizim qaçqın-köçkün soydaşlarımız bilsinlər ki, onların hüquqları bərpa olunacaqdır. Biz istəyirik, mən də istəyirəm ki, o hüquqlar tam şəkildə bərpa edilsin. Biz ədalətin tərəfdarıyıq və öz torpağımızın bütövlüyünü təmin etməliyik.

O ki qaldı, bu gün əsas mövzu olan məsələ ilə bağlı, mən köçkünlərin məişət problemlərinin yaxşılaşdırılmasına dair verilən bütün təklifləri dəstəkləyirəm. Bir daha demək istəyirəm ki, bu təkliflər ümumiləşdirilməlidir, bir də təhlil olunmalıdır. Bəlkə hansısa məsələ var ki, biz bu gün onu eşitmədik, amma o da böyük əhəmiyyət kəsb edir. Burada aidiyyəti dövlət strukturlarının nümayəndələri var - həm nazirlər, eyni zamanda, “Azərenerji”, “Azəriqaz”, “Azərsu”, Meliorasiya və Su Təsərrüfatı səhmdar cəmiyyətlərinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəhbərləri, - onlar da bu işlərlə bilavasitə məşğul olan şəxslərdir. Bir daha baxın, əgər hansısa məsələ bu gün diqqətdən kənarda qalıbsa, onu əlavə edək. Qısa müddət ərzində Proqrama əlavələr edək və onları icra etməyə başlayaq. Biz buna nail olsaq, - mən heç şübhə etmirəm, - demək olar ki, soydaşlarımızın əsas məişət problemləri həll edilmiş olur.

Bir də demək istəyirəm ki, mən bu sahədə görülən işlərə çox böyük diqqət yetirirəm, böyük qiymət verirəm. Bütün orqanlardan da tələb edirəm ki, bu istiqamətdə işlər bundan sonra da bu ardıcıllıqla, bu sürətlə, bu keyfiyyətlə davam etdirilsin.

Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstan paytaxtında Azərbaycanın da iştirakı ilə “Astana Media Week” keçirilir

AHİK: Gələcəyin modeli ənənəvi fəaliyyətlə rəqəmsal imkanların səmərəli vəhdəti olacaq

Bakıda Xəzər İnşaat Həftəsi keçirilir

UEFA reytinqi: Azərbaycan “Sabah”ın qələbəsi sayəsində bir pillə irəliləyib

Bakıda İKT-nin Tətbiqi üzrə 20-ci IEEE Beynəlxalq Konfransı işə başlayıb

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama aparılıb

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Çempionlar Liqası: “Fənərbağça” İngiltərə səfərində, “Mançester Siti” PSJ-yə qarşı

Azərbaycan nefti 127 dollardan baha satılır

İğdırda Azərbaycan İncəsənət Həftəsi çərçivəsində konsert və moda sərgisi təşkil olunub

Dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb

Təmir işləri ilə əlaqədar Bakının bəzi ərazilərində qaz kəsiləcək

ABŞ “Bank of America”nı 1,21 milyard dollar cərimələyib

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Yasamal və Binəqədi rayonlarında elektrik enerjisinin verilişində fasilə olacaq

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

Böyük Britaniya Ukraynaya çoxməqsədli raketlərin tədarükünü sürətləndirəcək

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub