Azərbaycan qadını cəmiyyətin aparıcı qüvvəsinə çevrilib
Qax, 7 mart, AZƏRTAC
Azərbaycan qadını əsrlər boyu milli-mənəvi dəyərlərin qorunmasında və övladların Vətənə məhəbbət ruhunda yetişdirilməsində böyük rol oynayıb. Bu gün Azərbaycan qadını dövlət quruculuğu, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə fəal iştirak edir və ölkəmizin inkişafına töhfəsini verir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə səsləndirilib. Tədbirdə rayon rəhbərliyi, YAP rayon təşkilatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid anaları və fəal qadınlar iştirak ediblər. Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev çıxış edərək, Azərbaycan qadınının cəmiyyətdəki rolundan danışıb və gender bərabərliyi, qadınların sosial-iqtisadi və siyasi həyatdakı fəaliyyəti sahəsində görülən işləri vurğulayıb.
Qeyd olunub ki, Beynəlxalq Qadınlar Günü həm də şəhid olmuş qadınlarımızın, əsgər analarının və vətən üçün layiqli övladlar böyüdən qadınların bayramıdır. Azərbaycan qadını bu gün daha qürurla bayramı qeyd edir, çünki onların böyütdüyü övladlar 30 illik düşmən işğalına son qoyaraq Zəfərlə ölkəmizin başını uca ediblər.
Tədbir mədəniyyət kollektivlərinin hazırladığı bədii proqramla davam edib.