“AZƏRBAYCAN: QUDRƏTİN YÜKSƏLİŞİ”
DEKABRIN 5-DƏ PARİSDƏ BU MÖVZUDA SEMİNAR KEÇİRİLMİŞDİR
Azərbaycanın iqtisadi inkişaf naziri Fərhad Əliyev Fransa Senatının və Xarici Ticarət Mərkəzinin “Azərbaycan:qüdrətin yüksəlişi” mövzusunda keçirdikləri seminarda iştirak etmək üçün dekabrın 4-də Parisə gəlmişdir.
AZƏRTAC-ın Fransadakı xüsusi müxbiri xəbər verir ki, həmin gün nazir Fərhad Əliyev Senatın sədri Kristian Ponsele, “Fransa-Qafqaz” dostluq qrupunun sədri senator Ambruaz Düpon və digər rəsmi şəxslərlə görüşdü. Cənab Ponsele Azərbaycana səfəri zamanı ölkəmizin başçısı Heydər Əliyevlə görüşünü və bu görüşün onda xoş təsüratlar yaratdığını xatırlatdı, respublikamızda aparılan iqtisadi islahatları diqqətlə izlədiyini, son dövrlərdə baş verən müsbət dəyişikliklərdən məmnun qaldığını bildirdi, respublikamızda sabitliyin qorunub saxlanmasını sərmayə yatırılması üçün əsas amillərdən biri kimi dəyərləndirdi, Neft Fondunun yaradılmasının xüsusi əhəmiyyət daşıdığını qeyd etdi.
Fransa-Azərbaycan iqtisadi əlaqələrinin inkişafına toxunan senatın sədri Azərbaycanla ticarət edən ölkələr arasında Fransanın 12-ci yeri tutmasına təəssüfləndiyini bildirdi, Bakıda açılacaq “Fransa mədəniyyət mərkəzi” üçün bina ayrılması məsələsinin həllini sürətləndirməyi nazirdən xahiş etdi.
Nazir Fərhad Əliyev ölkəmizin ünvanına dediyi xoş sözlərə, respublikamızda baş verən iqtisadi dəyişiklikləri düzgün qiymətləndirdiyinə görə senatın sədrinə təşəkkürünü bildirdi, Prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın sosial-iqtisadi həyatının inkişafı sahəsində aparılan islahatlar, yoxsulluğun aradan qaldırılması üçün xüsusi proqramın hazırlanaraq həyata keçirilməsi, vergi və gömrük sistemlərinin təkmilləşdirilməsi və bu sahələr üzrə yeni məcəllələrin qəbul edilməsi, son 6 ildə infilyasiyanın 2,5 faizdən artıq yüksəlməsinə imkan verilməməsi, ölkəmizdəki Fransa şirkətlərinin fəaliyyəti barədə ətraflı məlumat verdi.
Dekabrın 5-də senatın binasında “Azərbaycan: qüdrətin yüksəlişi” mövzusunda seminar öz işinə başladı. Seminarı giriş sözü ilə açan A.Düpon ölkəmizin iqtisadiyyatında tərəqqiyə doğru nəzərəçarpacaq dəyişikliklərə baş verdiyini, respublikamızın zəngin yeraltı sərvətlərə malik olduğunu xüsusi vurğuladı.
İqtisadi inkişaf naziri Fərhad Əliyev çıxışında Azərbaycanın coğrafi mövqeyi barədə qısa məlumat verdi, Prezident Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatlar, qanunvericilik bazasının və idarəetmə sisteminin təkmilləşdirilməsi sayəsində əldə olunan uğurlardan danışdı, 7 il ərzində xarici ticarət dövriyyəsinin 2,8 dəfə artdığını, sturuktur islahatlarına və müxtəlif layihələrə 900 milyon dollardan artıq kredit ayırıldığını, MDB məkanında respublikamızın ən az kredit alan ölkə olduğunu bildirdi.
Ölkəmizin iqtisadiyyatında neftin mühüm rol oynadığını vurğulayan nazir xarici neft şirkətləri ilə indiyədək 21 müqavilə imzalandığını, bu müqavilələrin icrasında 400-dən çox xarici şirkətin iştirak etdiyini, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələrinin regional əhəmiyyətini seminar iştirakçılarının diqqətinə çatdırdı.
Nazir qeyri-neft sahələrinin inkişafına xüsusi diqqət yetirildiyini, sənayedə 5,9 faiz və kənd təsərrüfatında 7,3 faiz artım olduğunu açıqladı, ölkəmizin iqtisadiyyatındakı yüksəlişin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına təsir etdiyini, son 7 ildə orta aylıq əmək haqqının 5,6 dəfə və təqaüdlərin 7 dəfə artdığını bildirdi.
Azərbaycan ilə Fransa arasındakı iqtisadi əlaqələrdən danışan nazir bu günədək Fransa ilə 13 dövlətlərarası sənədin, o cümlədən sərmayələrin qarşılıqlı təşviqi və qorunması, ikiqat vergiqoymanın aradan qaldırılması sazişlərinin imzalandığını, 2002-ci ilin 9 ayı ərzində xarici ticarət dövriyyəsinin 94,6 faiz təşkil etdiyini, Fransanın 37 şirkətinin ölkəmizdə fəaliyyət göstərdiyini, Azərbaycan iqtisadiyyatında Fransa sərmayələrinin ümumi həcminin 220 milyon dollar olduğunu vurğuladı.
Seminarda Fransanın ölkəmizdəki səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Mişel Jelen “Azərbaycan: yerlərdə vəziyyət”, Avropa Yenidənqurma və İnkişaf Bankının Bakıdakı nümayəndəsi Corc Kriviki “Azərbaycanda AYİB-in fəaliyyəti”, TRASEKA proqramının Qafqaz üzrə əlaqələndiricisi Mark Qray “TRASEKA - on il sonra”, TotalFinaElf şirkətinin nümayəndəsi Jan-Pyer Dola “Azərbaycanda neft və qaz konteksti”, SİFAL qrupunun neft-qaz üzrə regional direktoru Jan Januar “Altı ildə Azərbaycanda görülmüş işlər” mövzularında məruzələrlə çıxış etdilər.
Məruzələrdə beynəlxalq qurumların və şirkətlərin Azərbaycandakı fəaliyyəti, ölkənin iqtisadi həyatında onların rolu, həyata keçirilən islahatlar sayəsində respublikamızın iqtisadiyyatında müsbət uğurların qazanılması, infastrukturun inkişafına fransız iş adamlarının cəlb olunması kimi məsələlər öz əksini tapmışdır.
Seminardan sonra Fərhad Əliyev Naxçıvandakı Vayxır su anbarı və hava limanının, Əli Bayramlı və Sumqayıt şəhərlərindəki elektrik stansiyalarının, Mingəçevir su elektrik stansiyasında 9-cu blokun tikintiləri, turizmin inkişafı, sığorta sistemi, Avropa Birliyi ilə əməkdaşlıq, infrastrukturun bəzi sahələrinə sərmayə qoyulması barədə suallara ətraflı cavab verdi.
İqtisadi inkişaf nazirinin Fransanın nüfuzlu “Sosyete jeneral” və “Rotşild” banklarının rəhbərləri, məşhur “Reno” şirkətinin nümayəndəsi ilə görüşlərində bu qurumların ölkəmizdə fəaliyyətləri məsələsindən danışıldı.
Fərhad Əliyev dekabrın 6-da Fransanın İqtisadiyyat, Maliyyə və Sənaye Nazirliyinin dövlət naziri xanım Nikol Fontemlə görüşündə Fransa ilə Azərbaycan arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd etdi.
Ölkəmizin Fransadakı fövqəladə və səlahiyyətli səfiri Eleonora Hüseynova görüşlərdə və seminarın işində iştirak edirdi.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris