Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti plenumu olmuşdur
Bakı, 15 noyabr (AZƏRTAC). Noyabrın 15-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti plenumu olmuşdur.
AZƏRTAC xəbər verir ki, plenumu Ali Məhkəmənin sədri Ramiz Rzayev açmışdır. Bildirilmişdir ki, respublikamızda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması halları artmışdır. Yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərinin aradan qaldırılması və bununla bağlı sui-istifadə hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyev 2012-ci dekabrın 26-da “Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən, yol-nəqliyyat hadisələrinin sərxoş halda, nəqliyyat vasitəsini idarəetmə hüququ məhdudlaşdırılmış və ya belə hüququ olmayan şəxs tərəfindən törədilməsi ağır nəticələrə səbəb olduğu hallarda cinayət məsuliyyətinin sərtləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması, yol-nəqliyyat hadisələrinin törədilməsinə səbəb olan və ya şərait yaradan halların aradan qaldırılması üçün qanunla müəyyənləşdirilmiş tədbirlərin görülməsinin təmin edilməsi dövlət orqanları qarşısında təxirəsalınmaz vəzifələr kimi qoyulmuşdur. O cümlədən Azərbaycan Respublikasının Ali Məhkəməsinə tövsiyə edilmişdir ki, məhkəmə orqanları tərəfindən yol-nəqliyyat hadisələrinə dair işlərə baxılması ilə əlaqədar mövcud məhkəmə təcrübəsi ümumiləşdirilsin və bu kateqoriyadan olan işlərə baxarkən öz qərarları ilə ədalətli məhkəmə təcrübəsi formalaşdırsın.
Plenumda “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” məsələ geniş müzakirə olunmuş, təhlillər aparılmışdır. Müəyyən edilmişdir ki, bu kateqoriyadan olan cinayət işləri məhkəmələr tərəfindən əsasən qanunvericiliyin tələblərinə uyğun həll olunur. Bununla yanaşı, məhkəmə təcrübəsində müvafiq cinayət işləri üzrə istər faktların müəyyən edilməsi və hüququn tətbiqi məsələlərində bəzi səhvlərə yol verilir.
Plenumda məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqində yol verilən səhvləri aradan qaldırmaq, qanunun eyni qaydada tətbiqini təmin etmək, bu sahədə vahid məhkəmə təcrübəsi formalaşdırmaq məqsədi ilə müvafiq qərar qəbul olunmuşdur.
Həmçinin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi, habelə Mülki Prosessual Məcəllədə, İnzibati Prosessual Məcəllədə və “Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təkliflər verilməsi qərara alınmışdır.
Plenumda konkret cinayət və mülki işlərə də baxılmış, müvafiq qərarlar qəbul edilmişdir.
Plenumun işində ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov və Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov iştirak etmişlər.