SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ BƏYANATI
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına bu ilin avqust ayının 13-dən 16-dək bir sıra siyasi partiyalar və avqustun 6-dan 16-dək qeyri-hökumət təşkilatları bu ayın 24-də keçiriləcək referendumu müşahidə etmək üçün müvafiq siyahılar təqdim etmişdir.
Mərkəzi Seçki komissiyası tərəfindən avqustun 17-də həmin siyasi partiyalara və qeyri-hökumət təşkilatlarına bildirilmişdir ki, təqdim edilmiş müşahidəçilər öz müşahidəçi vəsiqələrini, şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etməklə müvafiq rayonların ərazisində fəaliyyət göstərən dairə seçki komissiyalarından ala bilərlər. Lakin təəssüflər olsun ki, bu günə qədər heç bir siyasi partiya və ya qeyri-hökumət təşkilatının nümayəndəsi dairə seçki komissiyalarına bu haqda rəsmi müraciət etməmişdir. Əvəzində isə, bəzi siyasi partiyalar Mərkəzi Seçki Komissiyasını müşahidəçilərin referendumun müşahidəsinə maneçilik törətmək kimi əsassız iddialarla günahlandırmağa səy göstərmiş, cəmiyyəti və beynəlxalq ictimaiyyəti çaşdırmaq yolunu tutmuşlar.
Mərkəzi Seçki Komissiyası referendumun yerli müşahidəçilər tərəfindən müşahidə edilməsi sahəsində yaranmış süni gərginliyi, referendumun keçirilməsi tarixinə cəmi 3 gün qalmasını nəzərə alaraq, bəyan edir ki, vəkalətnamələr ilə səlahiyyətləri təsdiq edilən siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının nümayəndələri müşahidəçi vəsiqələrini əvvəl təqdim edilən siyahılara uyğun olaraq Mərkəzi Seçki Komissiyasından ala bilərlər.
Mərkəzi Seçki Komissiyası
Bakı şəhəri, 21 avqust 2002-ci il