Azərbaycan Respublikası Müyəssərliyin Qiymətləndirilməsi Mərkəzi fəaliyyətə başlayıb
Bakı, 17 iyun, AZƏRTAC
“Azərbaycan Respublikası Müyəssərliyin Qiymətləndirilməsi Mərkəzi” Məhdud Məsuliyyət Cəmiyyəti fəaliyyətə başlayıb.
Azərbaycan Milli Paralimpiya Komitəsindən (AMPK) AZƏRTAC-a bildiriblər ki, MMC-də beynəlxalq tədrisdən keçərək müvafiq sertifikatlara yiyələnmiş ekspertlər çalışırlar.
Mərkəz ölkəmizdə əlilliyi olan şəxslər, idmançılar və azhərəkətli əhali qrupları üçün maneəsiz mühitin yaradılması, müyəssərliyin təmin edilməsi sahəsində monitorinqlərin aparılması, müvafiq idman və infrastruktur obyektlərindən, yaşayış binalarından əlilliyi olan şəxslər və idmançılar tərəfindən istifadə, o cümlədən obyektlərin mövcud vəziyyətinin uyğunluğunun müstəqil qiymətləndirilməsi və ağlabatan uyğunlaşdırılması üçün tövsiyələrin hazırlanması istiqamətində fəaliyyət göstərəcək. MMC, həmçinin idman, yaşayış və infrastruktur obyektlərində əlilliyi olan şəxslərə zərər yetirilməsinin qarşısının alınması üçün onlara müyəssərliyin və maneəsiz mühitin yaradılması sahəsində könüllü sertifikatlaşdırma şəklində qiymətləndirilməsini təşkil edəcək.
AMPK-nın iyunun 3-də keçirilən ümumi yığıncağının qərarına əsasən, Komitə “Azərbaycan Respublikası Müyəssərliyin Qiymətləndirilməsi Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisidir.