AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
İcazə verin, Sizi prezident seçkilərində əldə etdiyiniz möhtəşəm qələbə və yüksək dövlət vəzifəsinə seçilməyiniz münasibətilə ürəkdən təbrik edim. “Neyşnz Enerci” şirkətinin çoxsaylı kollektivi seçkiqabağı kampaniyanı və səsvermənin gedişini xüsusi diqqətlə izləyirdi. Seçkilərin nəticələri elan edildikdən sonra, biz bütün Azərbaycan xalqı ilə birgə bu qanuni nəticələrə səmimi qəlbdən sevindik.
Sizin seçkilərdə qələbəniz göstərdiyiniz xidməti və geniş həyat təcrübənizi tam əks etdirdi. Biz Azərbaycan xalqının müdrikliyinə və uzaqgörənliyinə inanırıq və onun ədalətli seçim edəcəyinə heç də şübhəmiz yox idi. Sizə səs verməklə Azərbaycan xalqı öz gələcəyinə, Prezident cənab Heydər Əliyev tərəfindən başlanmış və uğurla həyata keçirilən işlərə səs verdi. Məhz cənab Heydər Əliyev müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını qoymuş və ölkənin sabitliyini təmin etmişdir. Bu müddət ərzində Azərbaycan demokratiya və sosial islahatlar yoluna çıxmış və iqtisadiyyatın intensiv inkişafına böyük təkan verilmişdir. Cənab Heydər Əliyevin neft strategiyası artıq bu gün ilk nəticələrini verir və hələ uzun müddət gələcək nəslin rifahına xidmət edəcəkdir.
“Neyşnz Enerci” şirkətinin rəhbərliyi və səhmdarları əmindirlər ki, Azərbaycan Sizin rəhbərliyiniz altında sosial-iqtisadi inkişaf yolunu davam edəcək və daha müsbət nəticələrə nail olacaqdır. Sizi inandırmaq istərdim ki, Azərbaycanda işləmək şərəfinə nail olmuş biz, xarici sərmayəçilər Sizə bu yolda kömək və dəstək olmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Sizə suveren Azərbaycanın Prezidenti vəzifəsində görəcəyiniz məsuliyyətli işlərinizdə müvəffəqiyyətlər arzu edir və dəyərli seçim etmiş Azərbaycan xalqına ən xoş arzularımı bildirirəm.
Hörmətlə,
Haşim Cocohadikusumo,
“Neyşnz Enerci” şirkətinin prezidenti.
Cenevrə, 29 oktyabr 2003-il.