AZƏRBAYCAN RESPUBLİKASININ VERGİLƏR NAZİRLİYİNDƏ LÜKSEMBURQ BÖYÜK HERSOQLUĞU İLƏ KONVENSİYA İMZALANMIŞDIR
Konvensiyanı Azərbaycan Respublikasının vergilər naziri Fazil Məmmədov və Lüksemburq Böyük Hersoqluğunun iqtisadiyyat və xarici ticarət, idman naziri Janno Krekke imzalamışlar.
Qeyd olunmuşdur ki, imzalanmış Konvensiya ölkələrimiz arasında iqtisadi əməkdaşlıq sahəsində prioritet sənədlərdən biri olmaqla yanaşı, sərmayədarlar üçün səmərəli vergi mühiti yaratmağa, investisiya yatırılması şəraitinin cəlbediciliyinin artırılmasına xidmət edəcəkdir. Bu Konvensiya Lüksemburqun iş adamlarının ölkəmizə investisiya yatırmalarını stimullaşdıracaq, ikitərəfli əlaqələrin daha sürətlə inkişafını təmin edəcəkdir.
Azərbaycan ilə Lüksemburq arasında xarici ticarət dövriyyəsinin ilbəil artdığı bildirilmiş, qeyd olunmuşdur ki, son 5 ildə ölkəmizdən Lüksemburqa 32,2 milyon dollar məbləğində mal və məhsul ixrac olunmuş, 10,4 milyon dollarlıq məmulat idxal edilmişdir. Hazırda ölkəmizdə Luksemburqun hava nəqliyyatı ilə yük daşınmasını həyata keçirən “Cargoluks Airlines İnternational” şirkətinin filialı fəaliyyət göstərir.
Xatırladaq ki, sözügedən Konvensiya Azərbaycanın xarici ölkələrlə imzaladığı 26-cı belə sənəddir. Hazırda Azərbaycan Respublikasının 19 dövlətlə “Gəlirə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” ikitərəfli sazişi qüvvədədir. Bu dövlətlərin sırasına Avstriya, Almaniya, Böyük Britaniya, Litva, Norveç, Polşa, Rumıniya, Türkiyə, Fransa, Kanada, Çin, Latviya, MDB dövlətlərindən isə Belarus, Qazaxıstan, Moldova, Rusiya, Ukrayna, Gürcüstan və Özbəkistan daxildir.
Bundan başqa, daha 20-yə yaxın dövlətlə bu cür sazişlərin imzalanması üçün müvafiq danışıqlar aparılır. Onların bəziləri (Bolqarıstan, Qətər, Danimarka, Estoniya, İsveç, Küveyt, Oman, Niderland, Serbiya və Çernoqoriya) ilə saziş layihələri ekspertlər səviyyəsində tam razılaşdırılıb və imzalanmağa hazırdır.
Azərbaycanın 5 dövlətlə - Belçika, İtaliya, Finlandiya, Çexiya və Pakistanla müvafiq saziş layihələri artıq təsdiq edilmişdir və qüvvəyə minmə tarixini gözləyir. İsveçrə ilə bu cür saziş artıq imzalanmışdır və hər iki ölkənin parlamentləri tərəfindən təsdiq olunmalıdır.
Eyni zamanda, Birləşmiş Ərəb Əmirlikləri, Qırğızıstan, İran, Yunanıstan, Səudiyyə Ərəbistanı və Hindistanla müvafiq saziş layihələrinin razılaşdırılması istiqamətində ikitərəfli danışıqlar davam etdirilir.
Perspektivdə daha bir sıra dövlətlərlə də oxşar sazişlərin hazırlanması üçün danışıqlar aparılması nəzərdə tutulmuşdur və artıq bu barədə həmin ölkələrə müvafiq təkliflər göndərilmişdir.