AZƏRBAYCAN RƏSSAMLAR İTTİFAQININ 66 YAŞI TAMAM OLUR
Müstəqil təşkilat kimi qurum 1940-cı ildə Azərbaycan rəssamlarının birinci qurultayında yaradılıb. Fəaliyyətə SSRİ Rəssamlar İttifaqının nəzdində başlayan Azərbaycan Rəssamlar İttifaqının indi 1500-də çox üzvü vardır. Onun nəzdində bədii fond, sərgi salonları, rəssamlıq emalatxanaları və sair fəaliyyət göstərir.
1987-ci ildən Azərbaycan Rəssamlar İttifaqına xalq rəssamı Fərhad Xəlilov sədrlik edir. Bu günlərdə onun anadan olmasının 60 illik yubileyi qeyd olunub və rəssam Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeninə layiq görülüb.
Fərhad Xəlilov AZƏRTAC-ın müxbirinə demişdir ki, ildönümü ilə əlaqədar binanın əsaslı təmirindən tutmuş yaradıcılıq problemlərinin həllinə qədər xeyli iş görməliyik. Bu münasibətlə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Uşaq rəsmlərindən və peşəkar sənətkarların əsərlərindən ibarət sərgilər, XV əsrin böyük Azərbaycan miniatürçü rəssamı Soltan Məhəmməd adına ənənəvi müsabiqə keçirəcəyik.
Əlamətdar gün ərəfəsində Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərinə görə layiqli fırça ustalarına təqdim olunacaq “Rəssamlar İttifaqının Qızıl medalı”nın təsis edilməsi, təsviri sənət ustalarının demokratik yolla və şəffaf şəraitdə seçilərək fəxri adlara təqdim olunması rəssamlarımız tərəfindən rəğbətlə qarşılanmışdır. Yeri gəlmişkən, fəxri
adlara iddialı sənətkarlarımızın sərgisi keçirilir və münsiflər heyəti həmin əsərlərin müəlliflərini müəyyənləşdirib Rəssamlar İttifaqının rəyasət heyətinə təqdim edir. İclasda şəxslərin xidmətləri bir daha diqqətlə öyrənildikdən sonra onlar fəxri adlar üçün təklif olunurlar. Həmin məqsədlə ayrı-ayrı bölmələr üzrə artıq iki sərgi keçirilmişdir. Bu, fəxri adlara iddialı rəssamlarımızın seçilməsində ən ədalətli yoldur.
İçərişəhərdə “Müasir incəsənət mərkəzi” adlı sərgi salonunun istifadəyə verilməsi təsviri sənətçilərimiz üçün hədiyyə olacaqdır.
F.Xəlilov “Abşeron torpağının tərənnümçüsü” adlı Abşeron Rəssamları Muzeyinin yaradılması arzusunu da dilə gətirdi. Əlavə edərək bildirdi ki, zənnimcə, bunu çox da gözləmək lazım gəlməyəcəkdir.