AZƏRBAYCAN-RUSİYA SƏRHƏDİNDƏKİ MÖVCUD PROBLEMLƏR HƏLL EDİLƏCƏKDİR
Komissiyanın həmsədri, Azərbaycan Respublikası baş nazirinin birinci müavini Abbas Abbasov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Rusiya hökuməti 1995-ci ildə Şimali Qafqazda baş verən hadisələrlə əlaqədar terrorizmin qarşısını almaq məqsədilə müvafiq qərar qəbul etmişdi. Bu qərar sərhəddə gediş-gəlişə, o çümlədən kənd təsərrüfatı məhsullarının qonşu ölkəyə aparlmasına problem yaradırdı. Bu mallara müəyyən məhdudiyyət də qoyulmuşdu. Problemlər hələ qalmaqdadır. Məsələ burasıdadır ki, Rusiya tərəfinə göndərdiyimiz yüklər sərhəddə boşaldılıb yenidən yığılır, nəticədə məhsulun keyfiyyəti itir, kənd təsərrüfatı məhsulları istehsalçıları böyük zərər çəkirlər.
Bütün bunlar ciddi narazılıqlar doğururdu. Ona görə də Azərbaycan hökuməti Rusiya hökumətinə müraciət edərək bildirdi ki, həmin məsələlər iqtisadiyyat sahəsində əməkdaşlığımıza mane olur. Bundan əlavə, komissiyanın bundan əvvəlki iclasında da həmin məsələni qaldırmışdıq. Mən isə öz növbəmdə RF hökuməti sədrinin müavini Viktor Xristenkoya məktubla müraciət etmişdim. Məktub artıq qonşu ölkənin dövlət strukturlarının diqqət mərkəzindədir. Budəfəki danışıqlarımızdan belə nəticəyə gəldim ki, yaxın zamanlarda adı çəkilən qərar öz qüvvəsini itirəcəkdir.
Baş nazirin müavini demişdir: “Təxminən bir həftə əvvəl Şimali Qafqaz Sərhəd Qoşunlarının komandanı general-leytenant Lisitsin və Mahaçqala sərhəd qurumunun rəhbəri general-mayor Streltsovla görüşümüzdə də bu məsələni müzakirə etmişdik. Onlar da etiraf etdilər ki, qərar artıq öz əhəmiyyətini itirmişdir”.