AZƏRBAYCAN SƏFİRİ İNDONEZİYANIN NƏQLİYYAT NAZİRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Görüş zamanı səfir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin apardığı daxili və xarici siyasət, son illərdə Azərbaycanın iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurlar barədə məlumat vermiş, Azərbaycanın beynəlxalq nüfuzunun artmasından, BTC, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin çəkilməsində, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəaliyyətində Azərbaycanın aparıcı rolundan danışmışdır. İyulun 13-də Türkiyənin Ceyhan şəhərində Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin təntənəli açılışında Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstan prezidentlərinin və digər dövlətlərin rəsmilərinin iştirak edəcəyi bildirilmişdir.
Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat vermiş, münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həll edilməsində İndoneziyanın dəstəyinə görə minnətdarlıq etmişdir.
Nazir Hatta Racasa Azərbaycan barədə məlumatın onda böyük maraq doğurduğunu, ölkəmizdəki inkişafla tanış olmaq, ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə etmək məqsədi ilə Bakıya səfər etmək arzusunu bildirmişdir. O, nəqliyyatın digər sahələrində də əməkdaşlığa dair ikitərəfli sənədlərin hazırlanması və imzalanmasını təklif etmişdir.