AZƏRBAYCAN SƏFİRİ İNDONEZİYANIN RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI NAZİRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Ölkələrimiz arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişaf etdirilməsi imkanlarının müzakirə edildiyi görüşdə “Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində Saziş” layihəsi qarşı tərəfə təqdim edilmişdir.
İ.Hacıyev Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən Azərbaycanın coğrafi-siyasi mövqeyi, ölkəmizin qonşu dövlətlərlə münasibətləri, iqtisadi inkişafı, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri barədə məlumat vermişdir. Səfir bildirmişdir ki, hazırda Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artım səviyyəsi 38 faiz təşkil edir.
Diplomat Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini, 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətində yaşadığını diqqətə çatdırmışdır.
Səfir İbrahim Hacıyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, ölkəmizin ərazi bütövlüyü çərçivəsində tənzimlənməsi istiqamətində Prezident İlham Əliyevin fəaliyyəti barədə məlumat vermiş, münaqişənin həllində ATƏT və digər beynəlxalq təşkilatların səylərini qeyd etmişdir. NATO-nun Riqada keçirilmiş zirvə toplantısında qəbul edilmiş Bəyannamədə Azərbaycanın ərazi bütövlüyünün üzv dövlətlər tərəfindən bir daha dəstəkləndiyini buna bariz nümunə olduğu bildirilmişdir.
Avropa İttifaqının və beynəlxalq birliyin separatçılığı dəstəkləmədiyini bildirən nazir S.Cəlil, Azərbaycana səfər etmək arzusunda olduğunu bildirmişdir.