AZƏRBAYCAN SƏFİRİ PAKİSTAN PARLAMENTİNİN SƏDRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Respublikamızın Pakistandakı səfiri Eynulla Mədətli bu ölkənin parlamentinin - Milli Assambleyanın sədri Çoudri Amir Hüseyn ilə görüşmüşdür. Səfir Azərbaycan Milli Məclisinin sədri Murtuz Ələsgərovun salamlarını və xoş arzularını Pakistan parlamentinin başçısına yetirmiş, bu yüksək vəzifəyə seçilməsi münasibətilə təbrik məktubunu təqdim etmişdir.
Səfirlikdən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, cənab Çoudri Amir Hüseyn təbrik məktubuna və səmimi arzularına görə təşəkkürünü azərbaycanlı həmkarına çatdırmağı xahiş etmişdir.
Azərbaycan diplomatı üç illik fasilədən sonra parlamentin azad və demokratik seçkilər nəticəsində işə başlaması və xalqın təqdir etdiyi bir hökumət formalaşdırması ilə əlaqədar spikeri təbrik etmiş, parlamentlərarası əməkdaşlığın ümumən ölkələrimizin münasibətlərinə əhəmiyyətli təkan verəcəyini vurğulamışdır. Səfir Azərbaycan parlamenti haqqında geniş məlumat vermiş, parlamentlərarası dostluq qruplarının yaradılması və onların hər il qarşılıqlı səfərlər etməsi, habelə ölkələrimizin qadın deputatları arasında əlaqələr qurulması barədə təkliflərini söyləmişdir.
Çoudri Amir Hüseyn bu təklifləri bəyənmiş, onların reallaşmasının əməkdaşlıq üçün faydalı olacağını vurğulamış, Pakistana səfər barədə dəvətini Azərbaycan Milli Məclisinin sədrinə yetirməyi xahiş etmişdir. Səfir Eynulla Mədətli də Milli Məclisin sədri adından cənab Çoudri Amir Hüseyni Azərbaycana səfərə dəvət etmişdir.
Parlamentin sədri tezliklə ölkələrimiz arasında təyyarə reysinin açılmasının, iqtisadi qurumların, iş adamlarının əlaqələrinin canlandırılmasının, dostcasına siyasi əlaqələrimizlə yanaşı, iqtisadi, mədəni əməkdaşlığın, idman və turizm sahəsində təmasların inkişaf etdirilməsinin zəruri olduğunu bildirmişdir.
Səfir Azərbaycan Prezidenti Heydər Əliyevin fərman və sərəncamları ilə ölkəmizdə xarici iş adamlarının fəaliyyəti üçün hər cür şərait yaradıldığını və pakistanlı iş adamlarının da məmnunluqla qarşılanacağını bildirmişdir. Diplomat demişdir ki, Azərbaycan hökuməti Bakı-Kəraçi təyyarə reysinin açılması üçün “Turan-Eyr” şirkətinə səlahiyyət vermişdir və Pakistan hava yollarının nümayəndələri müvafiq danışıqları davam etdirirlər.
Çoudri Amir Hüseyn Pakistanın bundan sonra da Azərbaycana siyasi və mənəvi dəstək verəcəyini bəyan etmiş, Kəşmir məsələsində Pakistanın mövqeyini müdafiə etdiyinə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirmişdir.