AZƏRBAYCAN SƏFİRLİYİ SOYQIRIMI GÜNÜ İLƏ ƏLAQƏDAR MƏTBUAT ÜÇÜN MƏLUMAT YAYMIŞDIR
31 mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar ölkəmizin Vaşinqtondakı səfirliyi mətbuat üçün məlumat yaymışdır.
Məlumatda deyilir ki, XIX əsrin əvvəllərində Azərbaycan Rusiya və İran arasında bölüşdürüldükdən sonra erməni millətçiləri çar Rusiyasının havadarlığı ilə ölkəmizin torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq istəyirdilər. O dövrdən bəri ermənilər yüz minlərlə azərbaycanlını qətlə yetirmiş, habelə didərgin salmışlar. Bəşəriyyət hazırda ölkəmizin 20 faiz ərazisini işğal edən və bir milyon əhalini qaçqın və köçkünə çevirən Ermənistanın təcavüzkar siyasəti nəticəsində əzab çəkən azərbaycanlıların taleyindən hali olmalıdır.
Daha sonra Azərbaycan Prezidenti Heydər Əliyevin azərbaycanlıların soyqırımı günü münasibətilə xalqa müraciətinə istinadən vurğulanır ki, “müasir dünyada müharibə təbliğatı, insana nifrət ideologiyası, başqa dövlətlərə qarşı ərazi iddiaları bizim üçün yolverilməzdir. Biz müstəqilliyimizin verdiyi imkanlardan istifadə etməklə ölkəmizin daim tərəqqisinə nail olmaq, vətəndaşlarımız üçün firavan həyat qurmaq istəyirik”.
1918-ci ilin faciəli hadisələri barədə fikirlərini AZƏRTAC-ın müxbirinə açıqlayan məşhur Amerika alimi, azərbaycanşünas Tadeuş Svyatoxovski demişdir: “Martın 31-də baş verənlər uzunmüddətli erməni-azərbaycanlı qarşıdurmasının nəticəsi idi. 1905-ci ildə iki millətin nümayəndələri arasında başlayan və nəticədə daha çoxsaylı azərbaycanlının ölümünə səbəb olan zorakılıq, Birinci dünya müharibəsi zamanı ermənilərin Anadoludan Azərbaycana kütləvi şəkildə köçürülməsi və s. faktlar bu qarşıdurmanı gərginləşdirdi. Həm də Rusiyanın Qafqazda “parçala və hökmranlıq et” siyasətini unutmaq lazım deyildir. Ermənilər Rusiyanın səyləri nəticəsində Qafqazda imtiyazlı etnik azlığa çevrilmişdilər”. 1918-ci ildə on minlərlə azərbaycanlının erməni-bolşevik dəstələri tərəfindən qətlə yetirildiyini bildirən alim bu faciədə “Daşnaksyutun” partiyası ilə xüsusi əlaqələri olan Şaumyanın fəal rolunu da vurğuladı. Tadeuş Svyatoxovski eyni zamanda bildirdi ki, bütün bunlara, hətta Dağlıq Qarabağ münaqişəsinə baxmayaraq, Ermənistandan fərqli olaraq, Azərbaycan dövləti qisas ideyası ilə yaşamır.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton