MƏDƏNİYYƏT
Azərbaycan şərabları Macarıstanda keçirilən festivalda təqdim olunub
Budapeşt, 8 may, AZƏRTAC
Macarıstanın Solnok şəhərində təşkil edilən yeddinci şərab festivalında Azərbaycan fəxri qonaq qismində iştirak edib.
Səfir Tahir Tağızadə yerli KİV nümayəndələrinə müsahibə verib. AZƏRTAC xəbər verir ki, mətbuat nümayəndələrinin suallarını cavablandıran T.Tağızadə Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra kənd təsərrüfatı, eləcə də şərabçılığın inkişafı istiqamətində görülmüş işlər barədə danışıb. Səfir bu il Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunduğunu diqqətə çatdırıb və Ulu Öndərin ölkəmizin inkişafında oynadığı tarixi roldan bəhs edib. Eyni zamanda, T. Tağızadə Azərbaycan və Macarıstan arasında kənd təsərrüfatı sahəsində qurulmuş əməkdaşlıq əlaqələri haqqında KİV təmsilçilərinə məlumat verib.
Daha sonra, festivalda açılış nitqi ilə çıxış edən T. Tağızadə Azərbaycanın qədim şərabçılıq ənənələri və Azərbaycan şərablarının beynəlxalq səviyyədə layiq görüldüyü mükafatlar barədə danışıb. Səfir Azərbaycanın Savalan ASPI və Macarıstanın Jammertal Borbirtok şirkətləri tərəfindən iki ölkə arasındakı dostluq əlaqələri şərəfinə birgə şərab istehsalı barədə razılıq əldə edildiyini bildirib.
Açılışın ardından Macarıstanın yerli şərab istehsalçıları ilə görüş keçirilib və Azərbaycan şərabları onlara təqdim olunub.
Festivalda, həmçinin Macarıstanda yaşayan azərbaycanlı və türk gənclərin ifasında Azərbaycan mahnıları səsləndirilib.
Festival çərçivəsində Azərbaycan şərabları, milli mətbəximizin təamları, ölkəmiz barədə materiallar yerli ictimaiyyətin diqqətinə təqdim olunub və macar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt