Azərbaycan şəraitində badamın reintroduksiyası, yetişdirilməsi və iqtisadi səmərəsi öyrənilib
Bakı, 1 fevral, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Ağac kolların introduksiyası və iqlimləşdirilməsi laboratoriyasının müdiri Mehriban Qafarova tərəfindən Azərbaycan şəraitində badamın (Amygdalis communis L) Nonparel sortu və Anjelina gavalı sortunun (Prunus L) reintroduksiyası, yetişdirilməsi və iqtisadi səmərəsi öyrənilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, alim aparılan tədqiqatların nəticəsini videosüjet şəklində əməkdaşların diqqətinə çatdırıb.
Müəyyən edilib ki, Anjelina gavalı sortu Azərbaycan şəraitində şaxtaya, quraqlığa yüksək davamlılığı, xəstəliklərə, zərərvericilərə orta dərəcədə dözümlülüyü ilə xarakterizə olunur. Aparılmış tədqiqatlar Anjelina gavalı sortunun Abşeronun quru-subtropik iqlim şəraitində reintroduksiyasının yüksək perspektivliyini təsdiq edir. Tədqiqatlarda, həmçinin Anjelina gavalı sortunun Azərbaycan şəraitində iqtisadi səmərəliliyi göstərilib.
Keçmiş dövrlərdə Azərbaycanın kənd təsərrüfatının meyvə ağaclarının tinglərinə əsas tələbatı digər ölkələrdən (İtaliya, Türkiyə) idxalın hesabına ödənilib. Odur ki, Azərbaycanın meyvə ağacları becərilən zonalarında Anjelina gavalı sortunun tinglərinin idxalının qarşısının alınması, bu məqsədlə bu gavalı sortunun tinglərinin yetişdirilməsi aktual bir məsələ kimi qarşıda durur.
Digər tərəfdən botanika bağlarında, dendrarilərdə əsasən dərman bitkilərinin introduksiya olunmasının çoxillik tarixi var. Gələcəkdə botanika bağlarının apardıqları elmi tədqiqatların potensialını artırmaq üçün xüsusi ixtisaslaşmış kolleksiya genetik meyvə bağının yaradılması məqsədəuyğundur. Müşahidələrə görə, dünyanın botanika bağlarında meyvə ağacları hər yerdə yetişdirilir. Lakin dünyanın botanika bağlarında meyvə bağları üçün xüsusi kolleksiyalar ayrılmır. Ona görə əsas məqsəd genetik meyvə bağı yaratmaqdır.
Tədqiqatlar nəticəsində aşkar olub ki, badamın normal böyüməsi, inkişafı üçün suvarma, gübrələrin verilməsi, ağacların budanması əsas aqrotexniki tədbirlərdir. Müəyyən edilib ki, Azərbaycan şəraitində badam şaxtaya, quraqlığa yüksək davamlılığı, istiliyə yüksək tələbkarlığı ilə xarakterizə olunur. Tədqiqatlar Abşeronun quru subtropik iqlim şəraitində badamın reintroduksiyasının yüksək perspektivliliyini göstərir. Adi badam (Amygdalis communis L) yabanı halda Cənubi Qafqazda, Orta Asiyada, Əfqanıstanda, İranda, Kiçik Asiyada yayılıb. Hazırda Naxçıvanda Şahbuz rayonunun Badamlı qəsəbəsinin ətrafında və dağlıq hissələrdə badam meşəlikləri var. Badam qiymətli subtropik qərzəkli meyvə bitkisidir. Badam Gülçiçəklilər fəsiləsinə (Rosaceae L) Gavalı yarımfəsiləsinə (Prunus L) Amyadalis L cinsinə daxildir. Badamın vətənini Kiçik Asiya, Türkiyə, İran hesab etmək olar. Badam üçün ən yaxşı calaqaltı daş badamdır. Tinglik salmaq üçün ərazi payızda 30-40 sm dərinliyində şumlanır, üzvi və mineral gübrələr (fosfor, azot, kalium gübrələri) verilir. Toxumlar arasında 30-40 sm, cərgələr arasında 80-100 sm məsafə saxlanılır. Toxumlar 2 ay qabaq nəm qumda stratifikasiya olunaraq 6-8 sm dərinliyə əkilir. Vegetasiya müddətində əkin sahəsində bir sıra aqrotexniki qulluq qaydaları, yəni suvarma, torpağın yumşaldılması, alaq otlarının vurulması kimi tədbirlər görülür. İyulun axırı avqustun əvvəllərində calaq ediləcək toxmacarların gövdəsi 25-30 sm hündürlükdə yarpaq və budaqdan təmizlənir. Toxmacarların kök boğazından 10-15 sm yuxarı “Ͳ” şəkilli kəsik açılır və həmin kəsik yerinin qabığı oduncaqdan azacıq aralanır. Sonra calaq üçün istifadə edilən çiliyin orta hissəsindən yarpaqla birlikdə qoltuq tumurcuqu kəsilir. Yarpağın ayası kəsilir, saplağı saxlanılır. Yarpaq saplağından tutaraq tumurcuq “Ͳ” şəkilli yarıqda yerləşdirilir və üstdən polietilen lentlə sarınır. Calaq ediləndən 10-15 gün sonra saxladığımız yarpaq saplağı düşürsə, bu, calaqın tutduğunu göstərir. Əgər yarpaq saplağı qonurlaşırsa, iynə formasını alıb quruyursa, calağın tutmamasını göstərir.