AZƏRBAYCAN SƏUDİYYƏ ƏRƏBİSTANI İLƏƏLAQƏLƏRİN İNKİŞAFINDA MARAQLIDIR
Oqtay Əsədov qonaqları salamladıqdan sonra ölkələrimiz arasındakı dostluq əlaqələrinin tarixindən danışmış, münasibətlərimizin bu gün də inkişaf etdiyini bildirmişdir. O demişdir ki, Azərbaycan Respublikası Səudiyyə Ərəbistanı Krallığı ilə əlaqələrin inkişafında maraqlıdır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Səudiyyə Ərəbistanının Ali Sosial Sığorta Təşkilatı ilə əməkdaşlığı təqdirəlayiqdir və hesab edirəm ki, sizin bu səfəriniz hər iki qurum arasında əlaqələrin inkişafında mühüm rol oynayacaqdır.
Sonra Milli Məclisin sədri parlamentlərarası əlaqələrdən danışmış, bu əlaqələrin inkişafında parlamentlərdəki dostluq qruplarının rolunu yüksək qiymətləndirmişdir.
Şeyx Soliman əl-Humayd səmimi qəbul üçün minnətdarlıq etmiş və dövlətinin başçısının, eləcə də ölkəsinin parlament sədrinin salamlarını Oqtay Əsədova çatdırmışdır. O demişdir ki, səfərdən məqsəd ölkələrimiz arasında sosial sığorta və sosial müdafiə sahələrində əməkdaşlıq məsələlərini müzakirə etmək və təcrübə mübadiləsi aparmaqdır.
Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov və digər rəsmi şəxslərin iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.