Azərbaycan şirkəti beynəlxalq biznes mükafatının qalibi elan olunub
Bakı, 22 iyul, AZƏRTAC
"Neuron Technologies" şirkəti dünyanın ən mühüm biznes mükafatlarından olan “The Bizz 2015”in qalibi elan olunub.
AZƏRTAC xəbər verir ki, bu mükafat baş iqamətgahı ABŞ-ın Hyuston şəhərində yerləşən Dünya Biznes Konfederasiyası tərəfindən təsis olunub. Neçə illərdir dünyanın tanınmış beynəlxalq şirkətləri biznesdə əldə etdiyi nailiyyətlərə görə bu mükafatın qalibi seçilir. Dünya Biznes Konfederasiyası tərəfindən üç mindən artıq şirkət arasında aparılan araşdırma və tədqiqatın nəticəsi olaraq 2015-ci il üzrə keçirilən nominasiyada Azərbaycanın "Neuron Technologies" şirkəti qaliblər siyahısına daxil edilib.
Dünya Biznes Konfederasiyasının rəhbəri Jesus Moran tərəfindən təqdim olunan rəsmi məlumatda "Neuron Technologies" şirkətinin biznes sahəsində əldə etdiyi nailiyyətləri, təqdim etdiyi xidmətlərin və proqram təminatlarının beynəlxalq keyfiyyət göstəricilərinə uyğun gəlməsi, müasir idarəetmə sistemlərinin tətbiqi, həmçinin şirkətin qısa müddətdə innovativ texnologiyaların, İKT sistemlərinin tətbiqinin bu beynəlxalq mükafata layiq görülməsinin əsas meyarları olduğu bildirilib. Şirkətin rəhbəri İsmayıl Ələkbərov deyib ki, bu mükafatın Las-Veqas şəhərində keçiriləcək ənənəvi təqdimetmə mərasimində iştirak etmək üçün ABŞ-a dəvət olunublar.
"Neuron Technologies" (www.neuron.az) Azərbaycanda sürətlə inkişaf edən informasiya texnologiyaları şirkətlərindən biridir. Şirkət proqram təminatının işlənib-hazırlanması, sistem inteqrasiyalarının tətbiqi, İKT infrastrukturunun qurulması üzrə ixtisaslaşıb. "Neuron Technologies" son illər ölkəmizdə təhsil, səhiyyə, kənd təsərrüfatı və digər sahələrdə elektron idarəetmə sistemlərinin, milli proqram təminatı həllərinin tətbiqi üzrə uğurlu layihələr həyata keçirib. Şirkətin hazırladığı proqram təminatı məhsullarına bir sıra xarici ölkələr maraq göstərir. Bu gün "Neuron Technologies"in hazırladığı intellektual məhsulların xarici ölkələrə ixracı istiqamətində işlər davam etdirilir.