Azərbaycan Tallinndə keçirilən “elektron-idarəçilik” üzrə beynəlxalq konfransda təmsil olunub
Bakı, 13 may, Xatirə Cəfərova, AZƏRTAC
Mayın 13-də Estoniyanin paytaxtı Tallinn şəhərində keçirilən “e-idarəçilik” üzrə beynəlxalq konfrans başa çatıb. Konfransda Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. “Elektron-hökumət” quruculuğuna həsr olunan konfransa “e-idarəetmə” sahəsi üzrə dünyanın aparıcı ekspertləri, hökumət, biznes, akademiya nümayəndələri, beynəlxalq təşkilatlar, eləcə də vətəndaş cəmiyyəti qrupları qatılıblar.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) AZƏRTAC-a bildirilib ki, konfransın açılış seminarında Estoniya Prezidenti Toomas Hendrik İlves bu ölkənin “Elektron hökumət” quruculuğundan bəhs edib. O, “e-hökumət” quruculuğunun əsas üstünlüklərinin - şəffaflıq, effektivlik və cavabdehlik olduğunu vurğulayıb.
Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Azərbaycanda “e- idarəçilik” üzrə görülən işlər barədə ətraflı məlumat verib. O, ölkəmizdə qurulmuş “e-hökumət” infrastrukturunun beynəlxalq təcrübəyə əsaslandığını vurğulayıb. Məruzəçi “e-hökumət” portalı və startup layihələri üzrə məlumat verib.
“Elektron-hökumət”in inkişaf mərhələlərindən danışan RYTN Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov portalın üzərindən təqdim olunan aktual elektron xidmətlərini diqqətə çatdırıb. “E- hökumət” portalı üzrə mövcud statistik göstəriciləri vurğulayan məruzəçi, bu sahədə əldə olunmuş nailiyyətlərin və portala geniş istifadəçi marağının olmasının qurumlar ilə əlaqəli fəaliyyətin nəticəsində əldə olunduğunu qeyd edib.