Azərbaycan Tibb Universitetində əməkdaşların istirahəti daim diqqət mərkəzində saxlanılır
Bakı, 13 iyul, AZƏRTAC
Azərbaycan Tibb Universitetində (ATU) əməkdaşların istirahəti daim diqqət mərkəzində saxlanılır.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, universitetin Nabranda fəaliyyət göstərən “Təbib” istirahət düşərgəsində aprelin 1-dən aparılan təmir-tikinti işləri iyunun 30-da tamamlanıb. Artıq istirahət mərkəzi üçün 80 çarpayı ayrılıb. Bundan əlavə, böyük ekranlı yeni televizor, 3 ədəd soyuducu və kifayət qədər mətbəx avadanlıqları alınıb.
“Təbib” istirahət hər növbə 15 gündən ibarətdir. Bir növbədə 45 ailə, yəni 180 nəfər istirahət edə bilir. Universitet əməkdaşlarının asudə vaxtlarının səmərəli təşkili üçün düşərgədə idman avadanlıqları quraşdırılıb. Xüsusilə uşaqların əylənməsi üçün hər cür şərait yaradılıb. Gündə iki dəfə dəniz gəzintisi təşkil edilir və idman yarışları keçirilir.
Universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımovun sözlərinə görə, respublikamızın digər istirahət mərkəzlərində dincəlmək üçün ATU-nun əməkdaşlarına 42 yol vərəqəsi verilib. Bu mövsümdə onlar daha çox Nabrandakı “Xan çinar” və Qaxdakı “Şəfa” istirahət mərkəzlərində, “Bilgəh”, “Abşeron”, “Qaranquş” və “Naftalan” sanatoriyalarında müalicə almağa və dincəlməyə üstünlük verirlər.