CƏMİYYƏT
Azərbaycan Tibb Universitetində Milli Qurtuluş Günü qeyd edilmişdir
Bakı, 12 iyun (AZƏRTAC). İyunun 15-i müasir Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuşdur. Xalqımız hər il 15 iyun tarixini əziz bayram kimi qeyd edir və Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi dəyərləndirir.
AZƏRTAC xəbər verir ki, iyunun 12-də Azərbaycan Tibb Universitetində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov iştirakçıları bayram münasibəti ilə təbrik etmişdir. Demişdir ki, 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən xalqımızın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtması Azərbaycanın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil olmuşdur.
Rektor bildirmişdir ki, ötən illərdə ümummilli liderin xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan etmiş, Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq gələcəyə inamla baxan güclü bir dövlətə çevrilmişdir. Bu illərdə ulu öndər Heydər Əliyevin gərgin zəhməti və siyasi iradəsi sayəsində reallaşdırdığı nəhəng işlər öz miqyasına görə insanı heyrətə gətirir.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Məlahət Həsənova tədbirdə çıxış edərək 1993-cü ilin iyun hadisələri ərəfəsində respublikamızda yaranmış ağır vəziyyətdən, belə bir dövrdə xalqın və ziyalıların təkidi ilə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından danışmışlar.
Universitetin müəllim və tələbələri də ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti, yeritdiyi müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimizin dönməz xarakter aldığını, dövlət quruculuğu, milli ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin artması sahəsində böyük işlər görüldüyünü vurğulamışlar.
Qeyd edilmişdir ki, ulu öndərin gördüyü nəhəng işlər, onun ideyaları, siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və müstəqil Azərbaycan dövləti sürətlə inkişaf edir.